Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) tələbələri beynəlxalq əməkdaşlıqlar çərçivəsində əldə etdikləri nailiyyətlərlə universitetin qlobal mövqeyini möhkəmləndirməkdə davam edirlər.
2008-ci ildən Almaniyanın Yade Tətbiqi Elmlər Universiteti ilə qurulan tərəfdaşlıq ATMU tələbələrinə beynəlxalq təhsil imkanları təqdim edir. Bu əməkdaşlıq çərçivəsində həyata keçirilən DAAD proqramı tələbələrə həm akademik, həm də sosial mühitdə inkişaf üçün geniş imkanlar açır.
Bu il ATMU-nun Turizm və Qonaqpərvərlik fakültəsinin tələbələri - Aynur Əhmədova, Əli Əhmədov və Elgün Rəcəbov DAAD proqramı vasitəsilə Almaniyada təhsil almaq və yay məktəbi təcrübəsində iştirak etmək fürsəti qazanıblar. Onlar burada turizm sahəsində müasir biliklər əldə edir, fərqli ölkələrdən olan tələbələrlə birgə çalışaraq mədəni və sosial mühitdə yeni təcrübələr qazanırlar.
ATMU tələbələrinin beynəlxalq proqramlarda iştirakı onların gələcək karyera inkişafı üçün mühüm üstünlüklər təmin edir. Bu kimi imkanlar gənclərin yalnız akademik sahədə deyil, həm də şəxsi inkişafında böyük rol oynayır və Azərbaycanın turizm sahəsində yüksək ixtisaslı mütəxəssislərin formalaşmasına töhfə verir.
Azərbaycanca