ATMU-da “Bilik Günü” qeyd edilib
15.09.2025
Karyera və kommunikasiya şöbəsi
Bölmə: Xəbərlər
Baxış sayı: 452
ATMU-da “Bilik Günü” qeyd edilib

Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) 2025/2026-cı tədris ilinin başlanması və 15 sentyabr – Bilik Günü münasibətilə tədbir keçirilib.

Ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən və Dövlət Himni səsləndirildikdən sonra ATMU-nun rektoru İlham Mədətov çıxış edərək “Bilik günü” münasibətilə tələbələri təbrik edib, onlara uğurlar arzulayıb. Rektor universitetin fəaliyyəti dövründə ölkənin ali təhsil müəssisələri arasında bir sıra nailiyyətlərə imza atdığını qeyd edib. İ.Mədətov ATMU-nun turizm ixtisası üzrə kadr hazırlığını həyata keçirən ilk ixtisaslaşmış dövlət ali təhsil müəssisəsi olduğunu, universitetdə turizm ixtisası üzrə beynəlxalq ikili diplom proqramının mövcudluğunu, tədrisin ixtisaslı və praktik biliklərə sahib mütəxəssislər tərəfindən aparıldığını, tələbələrə xarici ölkələrdə istehsalat təcrübəsi keçmək imkanının yaradılmasını bir daha gənclərin diqqətinə çatdırıb.

Rektor bildirib ki, ali məktəb tələbəsi olmaq hər bir gəncin həyatında ən önəmli hadisələrdən biridir. İ.Mədətov tələbələrə ATMU-da yaradılan təhsil-təcrübə imkanlarından lazımınca faydalanmağı tövsiyə edib və çıxışının sonunda ATMU-nun tələbəsi adını qazanan gənclərə təhsil uğurları arzulayıb.

Daha sonra universitetin Sosial menecment fakültəsinin “Sosial iş” ixtisasına ən yüksək balla qəbul olan Aysel Seyfullayeva sevincini tələbələrlə bölüşüb və tələbə yoldaşlarına uğurlar arzulayıb.

Sonda 2025/26-cı tədris ilində ATMU-ya yüksək balla qəbul olan ixtisas birincilərinə təltifnamələr və hədiyyələr təqdim olunub.