ATMU Elmi Şurasının növbəti iclası keçirilib
16.09.2025
Karyera və kommunikasiya şöbəsi
Bölmə: Xəbərlər
Baxış sayı: 450
ATMU Elmi Şurasının növbəti iclası keçirilib

Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) Elmi Şuranın növbəti iclası keçirilib. İclasda Elmi Şuranın üzvləri ilə yanaşı Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədr müşaviri Kənan Quluzadə və DTA-nın digər nümayəndələri iştirak ediblər. İclası universitetin rektoru İlham Mədətov giriş sözü ilə açaraq iştirakçıları salamlayıb və gündəlikdə nəzərdə tutulan məsələlər barədə məlumat verib.

İlk olaraq 2025/2026-cı tədris ilinə hazırlığın vəziyyəti ilə bağlı fakültə dekanlarının və Tədris-metodiki şöbənin təqdimatı dinlənilib. Hazırlıq prosesinin cari vəziyyəti, tədris bazasının gücləndirilməsi və tələbələr üçün yaradılan imkanlar diqqətə çatdırılıb.

Daha sonra Tədris-metodiki şöbənin müdiri Bəhruz İsgəndərov 2025/2026-cı tədris ili üzrə tələbə qəbulunun nəticələri barədə məruzə edib. O, qəbul göstəricilərini təhlil edib və 2026/2027-ci tədris ili üçün planların müzakirəsini şura üzvlərinin diqqətinə təqdim edib.

İclasda həmçinin Tədris-metodiki şöbənin 2024/2025-ci tədris ili üzrə yekun hesabatı dinlənilib. Məruzədə ötən il ərzində görülmüş işlər, tədris prosesinə tətbiq olunan yeniliklər və metodik dəstək məsələləri əhatə olunub.

Cari məsələlər çərçivəsində isə bir sıra qərarlar qəbul olunub. Təhsil məsələləri üzrə rektor müşaviri Fərid Cabbarlının təqdim etdiyi adlı təqaüd alacaq tələbələrin siyahısı təsdiqlənib, Keyfiyyət təminatı şöbəsinin müdiri Sara Bağırlının təqdim etdiyi strukturların iş planları müzakirə olunub. Tədris-metodiki şöbənin rəhbəri Bəhruz İsgəndərov ATMU-da tədrisin elektron idarəedilməsi sisteminin tətbiqi ilə bağlı görülən işlər barədə məlumat verib.

Dövlət Turizm Agentliyinin sədr müşaviri Kənan Quluzadə ATMU-da 2024/2025-ci tədris ilində görülmüş işlər və nəzərdə tutulan fəaliyyətlərlə bağlı fikirlərini bölüşüb, 2025/2026-cı tədris ilində universitetin inkişafı və tədris prosesinin keyfiyyətinin artırılması istiqamətində bir sıra tövsiyə və təkliflərlə çıxış edib.

İclasın sonunda rektor İlham Mədətov gündəlikdə müzakirə olunan bütün məsələlərlə bağlı konkret tövsiyə və tapşırıqlarını verib.

Sonda hər bir məsələ ilə bağlı müvafiq qərarlar qəbul edilib.