Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) ilə Avstriyanın IMC Krems Tətbiqi Elmlər Universiteti arasında 2007-ci ildən etibarən uğurla həyata keçirilən Azərbaycan-Avstriya Turizm Proqramı (AATP) çərçivəsində AATP 2025 bakalavr qrupunda ilk əcnəbi professorun tədris həftəsi uğurla başlayıb.
Bu həftə tələbələr beynəlxalq səviyyədə tanınmış professorun rəhbərliyi ilə “Menecmentin əsasları” (Principles of Management) fənnini öyrənirlər. Dərslər IMC Krems Tətbiqi Elmlər Universitetinin Biznes və İnnovasiya İnstitutunun professoru Sylvia Rohlfer tərəfindən aparılır. Qonaq müəllim kimi ATMU-da fəaliyyət göstərən professor S.Rohlfer tələbələrin menecment sahəsində fundamental bilikləri mənimsəməsinə dəstək olur və onların peşəkar inkişafına töhfə verir.
Bu il AATP 2025 bakalavr qrupuna qəbul üzrə keçirilən müsahibələrin nəticəsinə əsasən 22 tələbə proqramda təhsil almaq üçün şərti qəbul qazanıb. Onlar beynəlxalq standartlara uyğun tərtib edilmiş kurikulum əsasında təhsil alaraq, turizm və menecment sahəsində qlobal səriştələr əldə edəcəklər. Qeyd edək ki, beynəlxalq proqramda təhsil müddəti 3 ildir.
Proqramın əsas məqsədi tələbələri gələcəyin peşəkar kadrları kimi yetişdirmək və onların beynəlxalq arenada rəqabətədavamlılığını təmin etməkdir. AATP, Azərbaycan və Avstriya arasında təhsil sahəsində uğurlu əməkdaşlıq nümunəsi olaraq turizm və menecment sahəsində yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasına xidmət edir .
Azərbaycanca