Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilib. Tədbir universitetin rektoru İlham Mədətovun giriş sözü ilə başlanıb. Rektor çıxışında müəllimlik peşəsinin ucalığını vurğulayaraq, müəllimlərin yalnız təhsil verən və elm öyrədən şəxslər olmadığını, eyni zamanda ölkənin gələcəyi üçün ixtisaslaşmış kadrlar, bütöv və nümunəvi şəxsiyyətlər yetişdirən fədakar insanlar olduğunu qeyd edib.
Tədbir zamanı rektor İlham Mədətov uzun illərdir ATMU-da fəaliyyət göstərən nüfuzlu müəllimlərdən, professor Məhərrəm Zülfüqarlı və dosent Çingiz Əliyevin yubileylərini təbrik edərək onlara yüksək dəyərləndirmələrini və xoş arzularını çatdırıb. Hər iki müəllimə qarşı universitet rəhbərliyi və kollektivinin böyük hörmətini ifadə edib.
Sonra ATMU Tələbə Həmkarlar İttifaqı Komitəsi tərəfindən müəllimlər müxtəlif hədiyyələrlə təltif olunublar. Bu addım müəllimlərin əməyinə olan qiymətin göstəricisi kimi tədbirin rəsmi hissəsinə xüsusi rəng qatıb.
Tədbirin davamında “Qərbi Azərbaycan irisi: Ermənistanda azərbaycanlılara məxsus qəbirstanlıqların sistemli qaydada dağıdılmasının nəticələri və beynəlxalq hüquqi məsuliyyətə dair hesabat və materiallar” kitabının I cildi müzakirəyə çıxarılıb. Rektor İlham Mədətov bildirib ki, bu hesabat Ermənistan ərazisində yerləşən və vaxtilə azərbaycanlıların dəfn olunduğu 201 qəbirstanlığın müasir peyklər vasitəsilə tədqiqi, tarixi-müqayisəli təhlili və monitorinqini əhatə edir. Bu tədqiqat həm tarixi yaddaşın qorunması, həm də beynəlxalq hüququn müdafiəsi baxımından böyük əhəmiyyət daşıyır.
Sonda tədbir iştirakçıları müəllimlər gününün mənasını bir daha vurğulayaraq, peşəkar müəllim heyətinin əməyinə dərin hörmət və təşəkkürlərini ifadə ediblər.
Azərbaycanca