ATMU tələbələri “Herba Flora”da praktiki məşğələ keçiblər
13.10.2025
Marketinq və ictimaiyyətlə əlaqələr şöbəsi
Bölmə: Xəbərlər
Baxış sayı: 391
ATMU tələbələri “Herba Flora”da praktiki məşğələ keçiblər

Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) “Mehmanxana və restoran biznesi” kafedrasının “Qida mühəndisliyi” ixtisasının tələbələri “Herba-Flora” MMC-də “Qida sənayesində texnoloji əməliyyatlar” fənnindən praktiki məşğələdə iştirak ediblər.

Məşğələ kafedranın dosenti Çingiz Əliyevin rəhbərliyi və “Herba-Flora” MMC-nin əməkdaşlarının iştirakı ilə həyata keçirilib. Məşğələ zamanı tələbələr müəssisədə yeyinti və məişət xidmətində tətbiq edilən texnoloji xətlərin layihələndirilməsi prosesi, bu xətlərin yaradılmasının nəzəri əsasları, eləcə də qida və dərman sənayesində istifadə olunan avadanlıqlar, maşınlar və aparatların quruluşu, iş prinsipləri, texniki göstəriciləri ilə yaxından tanış olublar.

Tələbələr, həmçinin müəssisənin qeyri-istehsal sahələri olan anbar qruplarını ziyarət edərək, yerli və xaricdən gətirilən bitki xammallarının saxlanma şəraiti, bu prosesdə tətbiq edilən texniki vasitələr və qurğular barədə ətraflı məlumat alıblar. Onlar müəssisədə istehsal olunan məhsulların qablaşdırılması, saxlanılması və daşınması mərhələlərini də izləyiblər.

Xüsusilə, tələbələr küncüt toxumlarından istehsal olunan küncüt yağlarının alınması üzrə texnoloji xəttin struktur sxemi ilə tanış olublar. Səfər zamanı “Herba-Flora” MMC-nin rəhbərliyi və mütəxəssisləri müəssisədə texnoloji xətlərin layihələndirilməsi, yenidənqurma prosesi, eləcə də kimyəvi analizlər laboratoriyasında istifadə edilən müasir cihaz və avadanlıqlar barədə geniş məlumat veriblər.

Məşğələnin sonunda tələbələrin sualları müəssisə mütəxəssisləri tərəfindən cavablandırılıb.