Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) “Bəşəriyyətin bəlası narkomaniya: Turizm təhlükəsizliyi və narkomaniya – motivasiya aspektindən yanaşma” mövzusunda seminar keçirilib. Tədbir Turizm və qonaqpərvərlik fakültəsinin tələbələri üçün “Turizm işi” kafedrasının təşəbbüsü ilə təşkil olunub.
Seminarı kafedranın müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Hafiz Hüseynov açaraq tələbələri salamlayıb, onlara təhsil həyatlarında uğurlar arzulayıb. O, gəncləri vətənə sevgi, milli-mənəvi dəyərlərə sadiqlik və məsuliyyət hissi ilə yetişməyə çağırıb. H.Hüseynov vurğulayıb ki, hər bir gəncin əsas vəzifələrindən biri ölkəyə layiqli xidmət göstərmək, elm və zəhməti ilə onun inkişafına töhfə verməkdir.
Daha sonra kafedranın müəllimi Cavid Məmmədov çıxış edərək narkomaniyanın yalnız fərdi deyil, həm də ictimai və iqtisadi təhlükələrindən bəhs edib. O, narkomaniyanın turizm sahəsinə mənfi təsirini vurğulayaraq, bu problemin turistlərin təhlükəsizliyinə, eləcə də ölkənin və regionun imicinə zərər vurduğunu qeyd edib. C.Məmmədov bildirib ki, belə hallar turistlərin hüquqi və təhlükəsizlik risklərinə görə səfərlərini təxirə salmalarına səbəb ola bilər.
Seminarda, həmçinin narkomaniyanın insan sağlamlığına mənfi təsirləri – narkotik maddələrin orqanizmə zərəri, fiziki və psixoloji fəsadlar, yaddaş və təfəkkürün zəifləməsi kimi məsələlər barədə ətraflı məlumat verilib.
Tədbir interaktiv müzakirələrlə davam edib, tələbələrin mövzu üzrə fəal iştirakı üçün şərait yaradılıb.
Azərbaycanca