Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) Turizm və qonaqpərvərlik fakültəsinin təşəbbüsü ilə “Turizmin Qlobal Etik Kodeksi” mövzusunda seminar təşkil olunub. Tədbir "Turizm işinin təşkili" ixtisası üzrə təhsil alan tələbələr üçün nəzərdə tutulub.
Seminarda fakültənin dekanı, t.ü.f.d., dosent Bahadur Bilalov, dekan müavini Emin Quliyev, fakültənin tyutoru Cavid Məmmədov və “Turizm işi” kafedrasının baş müəllimi Aynur Hüseynzadə iştirak ediblər.
Seminar zamanı baş müəllim A.Hüseynzadə tələbələrə 1 oktyabr 1999-cu ildə Çilinin Santyaqo şəhərində qəbul olunmuş “Turizmin Qlobal Etik Kodeksi” haqqında geniş məlumat təqdim edib. Qeyd olunub ki, kodeks turizmin xalqlar və mədəniyyətlər arasında qarşılıqlı hörmət və anlayışın inkişafındakı rolunu, turistlərin hüquq və azadlıqlarını, eləcə də turizm fəaliyyətində etik davranış prinsiplərini tənzimləyir.
Fakültə dekanı B.Bilalov çıxışında turizmin dünya ölkələrinin iqtisadi və sosial həyatında mühüm rol oynadığını vurğulayıb. O, xüsusilə turizmin inkişaf etdiyi ərazilərdə yerli əhalinin sosial rifahının yaxşılaşdırılmasından danışıb. Dekan həmçinin, tələbələrə turizm hüququ, turistlərin hüquq və vəzifələri barədə məlumat verib, səfər edilən ölkələrdə yerli adət-ənənələrə və milli dəyərlərə hörmətlə yanaşmağın vacibliyini diqqətə çatdırıb. O, turist göndərən müəssisələrin müştəriləri bu məsələlər barədə əvvəlcədən məlumatlandırmasının əhəmiyyətini də qeyd edib.
Seminar interaktiv formatda keçirilib. Tələbələr mövzu ətrafında fəal müzakirələr aparıb, suallar verib və öz baxışlarını bölüşüblər.
Qeyd edək ki, tədbirin əsas məqsədi tələbələrin turizm sahəsində beynəlxalq etik standartlar barədə biliklərini artırmaq və onları gələcək peşə fəaliyyətlərinə daha hazırlıqlı şəkildə yönləndirmək olub.
Azərbaycanca