Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi Bəxtiyar Vahabzadənin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Yaşamaq yanmaqdır, yanasan gərək” adlı ədəbi-bədii tədbir keçirilib. Tədbir “Dillər” kafedrasının təşəbbüsü ilə baş tutub.
Tədbiri giriş sözü ilə açan universitetin rektoru İlham Mədətov Bəxtiyar Vahabzadənin ədəbi irsinin Azərbaycan mədəniyyəti və milli kimliyinin formalaşmasında mühüm rol oynadığını vurğulayıb. O qeyd edib ki, Vahabzadənin yaradıcılığı təkcə poetik sənət nümunələri ilə deyil, həm də milli özünüdərk, vətən sevgisinin təbliği ilə dəyərlidir. Rektor qeyd edib ki, Bəxtiyar Vahabzadənin şeirlərində biz həm millətimizin tarixini, həm də gələcək nəsillərə ünvanlanmış mənəvi bir çağırışı görürük. İ.Mədətov həmçinin vurğulayıb ki, Vahabzadənin “Ana dili”, “Gülüstan” kimi əsərləri xalqın milli şüurunun oyanışında mühüm rol oynayıb.
Tədbir çərçivəsində xalq şairinin sözlərinə yazılmış “Gecələr bulaq başı” mahnısı səsləndirilib. Ardınca tələbələr tərəfindən şairin həyatı və yaradıcılığı haqqında təqdimatlar, həmçinin onun sevilən şeirlərindən ibarət kompozisiyalar nümayiş etdirilib.
Tələbələr “Ömür” (Novruzova Gülnar), “Yaşamaq istəyirəm” (Xəlilova Gülər), “Təklik” (Kənan Cəfərov, Tünzalə Əsədova, Cəlal Lətifzadə), “Mənə gərək deyil” (Fidan Hüseynova, Aysu Həsənzadə), “Ey təbib” (Bahar Zəkəryəyeva), “Hörümçək toru” (Babayeva Zəhra), “Axı dünya fırlanır” (Məmmədov Elçin) və “Yaşamaq yanmaqdır, yanasan gərək” (Novruzova Fatimə) şeirlərini böyük həvəslə səsləndiriblər.
Kafedranın əməkdaşı, f.ü.e.d., dosent Ağaverdi Xəlilov “Bəxtiyar Vahabzadə yaradıcılığında milli kimlik və ana dili” mövzusunda çıxış edərək, şairin əsərlərinin milli dəyərlərimizin qorunmasında əhəmiyyətindən bəhs edib.
Tədbir Bəxtiyar Vahabzadənin sözlərinə, Emin Sabitoğlunun musiqisinə yazılmış “Azərbaycan” mahnısı ilə yekunlaşıb.
Bu ədəbi-bədii görüş tələbələr və müəllimlər tərəfindən böyük maraqla qarşılanıb və xalq şairinin zəngin yaradıcılığının bir daha dərin şəkildə xatırlanmasına səbəb olub.
Azərbaycanca