Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) Turizm və qonaqpərvərlik fakültəsinin “Turizm işinin təşkili” ixtisası üzrə təhsil alan I kurs tələbələri üçün ATMU və Türkiyənin Eskişehir Osmangazi Universiteti (ESOGÜ) arasında həyata keçirilən İkili Diplom Proqramı barədə məlumat sessiyası təşkil olunub.
Tədbir zamanı tələbələrə proqramın məqsədi, iştirak şərtləri, seçim meyarları, tədris prosesi və qarşılıqlı akademik mübadilə imkanları haqqında ətraflı məlumat verilib.
Sessiyada ATMU-nun Beynəlxalq əlaqələr şöbəsinin mütəxəssisi İranə Axundova, Turizm və qonaqpərvərlik fakültəsinin dekan müavini Emin Quliyev və fakültənin tyutoru Zeynəb Orucova iştirak ediblər.
Çıxış edənlər İkili Diplom Proqramının tələbələrə beynəlxalq akademik təcrübə qazanmaq, fərqli dil və mədəni mühitlərdə təhsil almaq imkanı yaratdığını qeyd ediblər. Həmçinin vurğulanıb ki, bu proqram gələcək turizm mütəxəssislərinin peşəkar inkişafına mühüm töhfə verəcək.
Azərbaycanca