ATMU “Regional Universitet–Sənaye Birliyi Sammiti 2025”də iştirak edib
24.10.2025
Marketinq və ictimaiyyətlə əlaqələr şöbəsi
Bölmə: Xəbərlər
Baxış sayı: 273
ATMU “Regional Universitet–Sənaye Birliyi Sammiti 2025”də iştirak edib

Bu gün Mingəçevir Dövlət Universiteti, HBN Group və Azərbaycan–Türkiyə İş Adamları Birliyinin (ATİB) birgə təşkilatçılığı ilə keçirilən “Regional Universitet–Sənaye Birliyi Sammiti 2025”də Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) də fəal şəkildə iştirak edib. Tədbirdə iştirak universitet–sənaye əməkdaşlığının genişləndirilməsi, tələbə və gənclərin iş dünyası ilə birbaşa əlaqələrinin möhkəmləndirilməsi, regionlarda kadr potensialının inkişafı və innovativ təşəbbüslərin dəstəklənməsi baxımından mühüm əhəmiyyət kəsb edib.

ATMU nümayəndələri sammit çərçivəsində müxtəlif təşkilatlarla görüşlər keçirib, qarşılıqlı əməkdaşlıq perspektivlərini müzakirə edib və gələcək birgə layihələrin əsas istiqamətləri barədə fikir mübadiləsi aparıblar.

MDU-nun rektoru Anar Eminov “Regional Universitet–Sənaye Birliyi Sammiti 2025”i ölkənin regionlarında təhsil müəssisələri ilə sənaye subyektləri arasında qarşılıqlı əməkdaşlıq mexanizmlərini gücləndirmək, gənclərin məşğulluq və innovasiya potensialını artırmaq baxımından mühüm addım olaraq dəyərləndirib.

Qeyd edək ki, bu genişmiqyaslı tədbir Azərbaycanın regionlarını əhatə edən və universitet-sənaye əməkdaşlığını təşviq edən ilk strateji platforma kimi çıxış edib. Sammit çərçivəsində universitet–sənaye tərəfdaşlığının yeni modelləri, karyera sərgisi və vakansiyaların təqdimatı, startap layihələrinin dəstəklənməsi, panel müzakirələr və seminarlar, həmçinin akademik biliklərin sənaye təcrübəsi ilə inteqrasiyası istiqamətində müxtəlif tədbirlər təşkil olunub.