Vətənimizin azadlığı və müstəqilliyi uğrunda qəhrəmancasına şəhidlik zirvəsinə ucalmış Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) məzunu Məhəmmədəli Hörmət oğlu Həsənzadənin əziz xatirəsi daim qəlblərimizdə yaşayır. Onun göstərdiyi qəhrəmanlıq və vətənpərvərlik gənclərimiz üçün əsl nümunə, təhsil alan hər bir tələbə üçün isə ilham mənbəyidir.
Bu ildən etibarən ATMU-da şəhidimizin adını əbədiləşdirmək məqsədilə “Şəhid Məhəmmədəli Hörmət oğlu Həsənzadə adına Adlı Təqaüd” təsis olunub. Təqaüd universitetin bakalavriat və magistratura səviyyələrində təhsil alan tələbələr arasında ən yüksək ümumi orta müvəffəqiyyət göstəricisinə malik olanlara təqdim edilir.
ATMU-nun Adlı Təqaüd Komissiyasının qərarına əsasən, 2025/2026-cı tədris ilində dörd tələbə bu şərəfli təqaüdə layiq görülüb. Bu təşəbbüs şəhidimizin adını yaşatmaqla yanaşı, onun vətənə sədaqətini, gənclərə inamını və mübarizə ruhunu gələcək nəsillərə ötürmək məqsədi daşıyır.
Belə ki, bakalavriat səviyyəsində Məmmədova Rəvanə – Turizm və Qonaqpərvərlik fakültəsi, Rzayeva Rəşidə – Biznes və Menecment fakültəsi, İsmayılova Sona – Sosial Menecment fakültəsi üzrə; magistratura səviyyəsində isə Əsədzadə Ayşən – Sosial Menecment fakültəsi üzrə universitet birincisi kimi “Şəhid Məhəmmədəli Hörmət oğlu Həsənzadə adına Təqaüd”lə təltif olunublar.
Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin (AR DTA) nümayəndələri, universitet rəhbərliyi, professor-müəllim heyəti, tələbələr, şəhidimizin atası Hörmət Həsənzadə, eləcə də ATMU-nun Vətən müharibəsi iştirakçılarının iştirakı ilə 8 Noyabr – Zəfər Gününün 5 illiyi münasibətilə keçirilən tədbirdə adıçəkilən tələbələrə rektor İlham Mədətov və DTA sədrinin müşaviri Kənan Quluzadə tərəfindən təltifnamələr təqdim edilib.
Tədbir iştirakçıları “Şəhid Məhəmmədəli Hörmət oğlu Həsənzadə adına Təqaüd”ə layiq görülən tələbələri təbrik edərək, onlara gələcək tədris və həyat fəaliyyətlərində uğurlar arzulayıblar.
Azərbaycanca