ATMU-da Elmi Şuranın növbəti iclası keçirilib
14.11.2025
Marketinq və ictimaiyyətlə əlaqələr şöbəsi
Bölmə: Xəbərlər
Baxış sayı: 257
ATMU-da Elmi Şuranın növbəti iclası keçirilib

Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) Elmi Şuranın növbəti iclası keçirilib. İclasda Elmi Şuranın üzvləri ilə yanaşı, Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin (DTA) Aparat rəhbəri Kənan Əliyev və agentliyin digər nümayəndələri iştirak ediblər. Tədbiri universitetin rektoru İlham Mədətov açaraq iştirakçıları salamlayıb və iclasın gündəliyi barədə məlumat verib.

İclasda ilk olaraq ATMU-nun Keyfiyyət təminatı şöbəsinin müdiri Sara Bağırlı Akkreditasiya Komissiyasının tövsiyələrinin 2025/2026-cı tədris ili üzrə icrasına dair fəaliyyət planı və Təlim-tədris prosesinin monitorinq qaydalarının təkmilləşdirilməsi və yenilənməsi haqqında təqdimatla çıxış edib. Müzakirələrdən sonra Elmi Şura tərəfindən 2025/2026-cı tədris ili üzrə fəaliyyət planı təsdiqlənib və Təhsildə Keyfiyyət Təminatı Agentliyinə (TKTA) təqdim olunması qərara alınıb. Həmçinin yenilənmiş Təlim-tədris prosesinin monitorinq qaydaları təsdiqlənərək icrasının təmin olunması tapşırılıb.

Cari məsələlərin müzakirəsi zamanı qərara alınıb ki, “Dillər” kafedrasının baş müəllimi Nigar Həbibullayeva kafedranın dosenti vəzifəsinə keçirilsin və “Beynəlxalq münasibətlər” kafedrasının professor əvəzi Kənan Allahverdiyevə professor elmi adı verilməsi, həmçinin “Beynəlxalq münasibətlər” kafedrasının dosent əvəzi Şəbnəm Zeynalovaya dosent elmi adı verilməsi üçün Ali Attestasiya Komissiyası qarşısında vəsatət qaldırılsın. “Menecment” kafedrasının baş müəllimləri Ülkər Sadiqova və Yasəmən Abbasova kafedranın dosenti vəzifəsinə keçiriliblər.

İclasın sonunda rektor İlham Mədətov gündəlikdə müzakirə olunan bütün məsələlər üzrə konkret tapşırıq və tövsiyələrini verib.

Tədbirdə həmçinin, ATMU-da 8 Noyabr - Zəfər Günü münasibətilə keçirilən “Zəfərin səsi – Qürur günümüz” adlı inşa müsabiqəsində I yerin qalibi Sosial menecment fakültəsinin “Sosial iş” ixtisasının tələbəsi Aysel İsmayılova, II yerin qalibi Turizm və qonaqpərvərlik fakültəsinin “Turizm işinin təşkili” ixtisasının tələbəsi Nərgiz Ağaverdiyeva, III yerin qalibi Sosial menecment fakültəsinin “Sosial iş” ixtisasının tələbəsi Fatimə Novruzova, eyni zamanda həvəsləndirici yerlərin sahibləri Sosial menecment fakültəsinin “Sosial iş” ixtisasının tələbələri Aytac Əmirli, Həsən Veysəlov və Zaur İsayevə sertifikatlar təqdim olunub, onlara gələcək təhsil həyatlarında uğurlar arzu edilib.