ATMU-da “Özünü QİÇS-dən qoru” aksiyası keçirilib
17.11.2025
Marketinq və ictimaiyyətlə əlaqələr şöbəsi
Bölmə: Xəbərlər
Baxış sayı: 201
ATMU-da “Özünü QİÇS-dən qoru” aksiyası keçirilib

Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) “Özünü QİÇS-dən qoru” adlı maarifləndirmə aksiyası keçirilib. Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin (RQMM) təşəbbüsü ilə təşkil olunan tədbirdə tələbələrə insan sağlamlığı üçün ciddi təhlükə yaradan İnsanın İmmunçatışmazlığı Virusu (İİV) və Qazanılmış İmmun Çatışmazlığı Sindromu (QİÇS) barədə geniş məlumat verilib.

Təcrübəli həkimlər virusun və xəstəliyin yoluxma yolları, profilaktikası, müayinəsi və müalicəsi ilə bağlı təqdimatla çıxış ediblər. Bildirilib ki, Mərkəzdə müayinə və müalicə anonim və ödənişsiz şəkildə aparılır, diaqnozun vaxtında müəyyən olunması isə bir çox fəsadların qarşısını almağa kömək edir.

Tədbir çərçivəsində mütəxəssislərə ünvanlanan fərdi suallar cavablandırılıb, İİV/QİÇS mövzusunda broşur və bukletlər paylanıb.

Bundan əlavə, RQMM əməkdaşlarının təşkil etdiyi səyyar tibbi müayinə məntəqəsində universitet tələbələri üçün İİV-in ekspres-testindən keçmək imkanı yaradılıb.