TTKF ATMU tələbələrini təhsil kreditləri barədə məlumatlandırıb
25.11.2025
Marketinq və ictimaiyyətlə əlaqələr şöbəsi
Bölmə: Xəbərlər
Baxış sayı: 295
TTKF ATMU tələbələrini təhsil kreditləri barədə məlumatlandırıb

Təhsil Tələbə Krediti Fondu (TTKF) Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) tələbələrlə maarifləndirici görüş keçirib. Görüşdə TTKF-nin baş mütəxəssisi İlkanə Həmidli iştirak edib.

Tədbiri açan Biznesin idarəçiliyi və menecment fakültəsinin dekanı Vüqar Nəzərov iştirakçıları salamlayaraq görüşün məqsədi barədə məlumat verib. Daha sonra Fondun əməkdaşı İ.Həmidli təqdimatla çıxış edərək TTKF-in yaranması, məqsədləri, qarşıya qoyduğu hədəflər, təhsil tələbə kreditlərinin verilməsi qaydaları və geri ödəniş prosesi barədə ətraflı məlumat təqdim edib.

Qeyd olunub ki, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 17 iyun tarixli 1367 nömrəli Fərmanı ilə Elm və Təhsil Nazirliyinin tabeliyində yaradılmış Təhsil Tələbə Krediti Fondunun əsas məqsədi aztəminatlı ailələrdən olan şəxslərin təhsilə əlçatanlığını təmin etmək, təhsil almaqda bərabər imkanlar yaratmaq və təhsilin əhatə dairəsini genişləndirməkdir.

Görüşün sonunda tələbələrin tələbə kreditləri ilə bağlı sualları fond əməkdaşı tərəfindən cavablandırılıb.