Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) “Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi”nin tabeliyində fəaliyyət göstərən “Hüquq və İnsan Haqları İnstitutu”nun hazırladığı “Suverenliyin zəfər yolu: reallaşan ideyalar, hüquqi əsaslar və siyasi paralellər” kitabının təqdimatı keçirilib. Tədbir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 11 fevral 2025-ci il tarixli Sərəncamı ilə elan edilən “Konstitusiya və Suverenlik İli” çərçivəsində institutun ali təhsil müəssisələrində noyabr-dekabr aylarında təşkil etdiyi maarifləndirici proqramın tərkib hissəsi olaraq baş tutub.
Kitab Prezident İlham Əliyevin 44 günlük Vətən müharibəsi dövründə xalqa müraciətləri, çıxışları və müsahibələrinin üç istiqamət üzrə elmi təhlilinə həsr olunub. Nəşrin müəllifi, “Hüquq və İnsan Haqları İnstitutu”nun İdarə Heyəti sədrinin müavini Vəfaddin İbayevdir.
Tədbiri giriş sözü ilə açan ATMU-nun professoru Məhərrəm Zülfüqarlı qonaqları və tələbələri salamlayaraq “Konstitusiya və Suverenlik İli”nin əhəmiyyəti, eləcə də təqdim edilən kitabın bu kontekstdə xüsusi dəyər daşıdığını vurğulayıb.
Daha sonra çıxış edən V.İbayev bildirib ki, nəşrdə Ümummilli Lider Heydər Əliyevin və Prezident İlham Əliyevin Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı ideyaları, eləcə də ordu quruculuğu, vətənpərvərlik ruhunun gücləndirilməsi və beynəlxalq aləmdə Azərbaycanın ədalətli mövqeyinin təsdiqi istiqamətində atılan addımlar geniş şəkildə təhlil edilir.
Təqdimatın sonunda “Konstitusiya və Suverenlik İli” çərçivəsində belə maarifləndirici tədbirlərin gənclər üçün əhəmiyyəti xüsusi olaraq vurğulanıb.
Azərbaycanca