ATMU-da turizm sənayesi nümayəndələrinin iştirakı ilə görüş keçirilib
28.11.2025
Turizm və Qonaqpərvərlik fakültəsi
Bölmə: Xəbərlər
Baxış sayı: 304
ATMU-da turizm sənayesi nümayəndələrinin iştirakı ilə görüş keçirilib

Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) Turizm və Qonaqpərvərlik fakültəsinin təşəbbüsü ilə fakültənin iş planında nəzərdə tutulmuş “Turizm sənayesi nümayəndələri ilə görüş” adlı tədbir təşkil olunub.

Görüşdə fakültənin dekanı, t.ü.f.d., dosent Bahadur Bilalov, dekan müavini Emin Quliyev, fakültə əməkdaşları Cavid Məmmədov, Zeynəb Orucova, Aysu Nağıyeva, həmçinin turizm sənayesi nümayəndələrindən “Bakı Turizm Ekskursiya” MMC-nin tur meneceri Nəzrin Əliyeva, “Holiday Inn Hotel”in insan resursları meneceri Nərminə Quliyeva, “Zeyn Travel”in meneceri Nərminə Süleyman-zadə, tur meneceri Cəlal Abbasov, “The Ritz-Carlton Baku Hotel”in Qida və içkilər şöbəsinin içkilər üzrə supervayzeri Rüfət Məhərrəmov və Turizm və Qonaqpərvərlik fakültəsinin Turizm işinin təşkili ixtisasında təhsil alan IV kurs tələbələri iştirak ediblər.

Tədbirin əsas məqsədi turizm ixtisasında təhsil alan tələbələrin sənaye nümayəndələri ilə birbaşa ünsiyyətini təmin etmək, onlara real sektorun tələbləri, əmək bazarının gözləntiləri və mövcud tendensiyalar barədə məlumat vermək olub. Tədbirin əvvəlində dekan Bahadur Bilalov turizm sənayesinin dinamik inkişafından və bu sahədə peşəkar kadrlara artan ehtiyacdan bəhs edərək tələbələrin praktik biliklərə yiyələnməsinin vacibliyini vurğulayıb.

Sonra çıxış edən sənaye nümayəndələri öz şirkətlərinin fəaliyyəti, mövcud vakansiyalar və tələbələr üçün təcrübə proqramları barədə geniş məlumat təqdim ediblər. Onlar turizm sahəsində uğurlu karyera qurmaq üçün tələb olunan bacarıqlar, dil bilikləri, qonaqpərvərlik standartları və müştəri ilə işləmək kimi əsas kompetensiyaların əhəmiyyətini xüsusi qeyd ediblər.

Tələbələr turizm şirkətləri və otel zəncirlərində işə qəbul prosesi, karyera yüksəlişi imkanları, beynəlxalq sertifikatların rolu barədə suallar ünvanlayıblar. Sənaye nümayəndələri isə tələbələrin fəallığını yüksək qiymətləndirərək onlarla gələcək əməkdaşlığa açıq olduqlarını bildiriblər.

Görüşün sonunda universitet–sənaye əməkdaşlığının genişləndirilməsi, tələbələrin istehsalat təcrübəsinin daha səmərəli təşkili və turizm sahəsində müasir trendlərin tədris prosesinə inteqrasiya edilməsi istiqamətində birgə fəaliyyətin vacibliyi vurğulanıb.