ATMU “Ali Təhsildə Keyfiyyət üzrə Beynəlxalq Konfrans”da
01.12.2025
Strateji inkişaf və keyfiyyət təminatı şöbəsi
Bölmə: Xəbərlər
Baxış sayı: 197
ATMU “Ali Təhsildə Keyfiyyət üzrə Beynəlxalq Konfrans”da

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Türkiyənin Ali Təhsilin Keyfiyyəti Şurası (YÖKAK), Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA), Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) və Türkiyənin Çankaya Universitetinin birgə təşkilatçılığı ilə “Ali Təhsildə Keyfiyyət üzrə Beynəlxalq Konfrans (IQC 2025)” keçirilib.

Konfransın məqsədi ali təhsildə keyfiyyət təminatı, akkreditasiya, tədris və öyrənmə prosesləri, tələbəyönümlü təhsil, rəqəmsal transformasiya və institusional keyfiyyət idarəçiliyi sahələrində fəaliyyət göstərən alimləri, tədqiqatçıları, pedaqoqları və qərarvericiləri bir araya gətirmək, nəzəri bilik və tədqiqat nəticələrinin müzakirəsini aparmaq, eləcə də qabaqcıl təcrübələrin paylaşılmasına şərait yaratmaq olub.

Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) rektoru İlham Mədətov, Strateji İnkişaf və Keyfiyyət Təminatı şöbəsinin müdiri Sara Bağırlı və şöbənin mütəxəssisi Fidan Sarıbəyli konfransın açılış mərasimində və panel müzakirələrində iştirak ediblər.

Konfrans çərçivəsində Sara Bağırlı “Ali təhsil müəssisələrinin idarə olunmasında keyfiyyət təminatı mexanizmləri və tətbiqindəki çətinliklər” mövzusunda çıxış edib. O, ali təhsil müəssisələrində keyfiyyət təminatı sisteminin qurulması, idarəetmədə tətbiq olunan əsas prinsip və mexanizmlər, həmçinin onların reallaşdırılması zamanı qarşıya çıxan çətinliklər barədə iştirakçılara məlumat verib.

ATMU nümayəndə heyətinin digər üzvü Fidan Sarıbəyli isə “Ali təhsildə tədrisin keyfiyyətinin qiymətləndirilməsində tələbə rəylərinin rolu” mövzusunda təqdimatla çıxış edib. O, tələbə rəylərinin toplanması üsulları, bu məlumatların təhlili və tədrisin keyfiyyətinin yüksəldilməsində mühüm göstərici kimi istifadəsi barədə danışıb. Bununla yanaşı, tələbə rəylərindən istifadə sahəsində mövcud beynəlxalq yanaşmalar və ATMU-da tətbiq olunan müsbət təcrübələr də iştirakçıların diqqətinə çatdırılıb.

Konfrans ali təhsildə keyfiyyət təminatı sahəsində müzakirələrin dərinləşməsinə, yeni əməkdaşlıqların qurulmasına və universitetlərin idarəetmə mexanizmlərinin təkmilləşdirilməsinə töhfə verib.