ATMU-nun prorektoru Özbəkistanda keçirilən beynəlxalq tədbirlərdə
04.12.2025
Marketinq və ictimaiyyətlə əlaqələr şöbəsi
Bölmə: Xəbərlər
Baxış sayı: 175
ATMU-nun prorektoru Özbəkistanda keçirilən beynəlxalq tədbirlərdə

Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) Strateji inkişaf üzrə prorektoru Araz Aslanlı Özbəkistanda keçirilən beynəlxalq tədbirlərdə iştirak edib.

Özbəkistan Respublikasının paytaxtı Daşkənd şəhərində Özbəkistan Turizm Həftəsi çərçivəsində İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Turizm üzrə Məşvərət Komitəsinin ilk iclası, “Tashkent International Tourism Fair” və digər beynəlxalq səviyyəli tədbirlər təşkil olunub.

Azərbaycan Turizm və Menecment Universitetinin Strateji inkişaf üzrə prorektoru Araz Aslanlı Azərbaycan nümayəndə heyətinin tərkibində tədbirlərdə iştirak edib.

İƏT Turizm üzrə Məşvərət Komitəsinin ilk iclasında ölkəmizi DTA sədrinin müşaviri Kənan Quluzadə, Araz Aslanlı və DTA Beynəlxalq təşkilatlarla iş və protokol sektorunun müdiri Nailə Qədirova təmsil ediblər.

İclas çərçivəsində təşkil olunan 6 müxtəlif sessiyada İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin turizm sahəsində əməkdaşlıq imkanları müzakirə edilib.

Turizm siyasətlərinin yaxınlaşdırılması, birgə turizm marşrutlarının yaradılması, turizm təhsil müəssisələri arasında əməkdaşlığın dərinləşdirilməsi (xüsusilə Tourism Education Network - TEN), İƏT-ə üzv dövlətlər arasında 2026-2030-cu illərdə Turizm Xidmətlərinin Genişləndirilməsi üzrə Yol Xəritəsinin layihəsi və digər sənədlər barədə fikir mübadiləsi aparılıb.

Bundan əlavə Daşkənd şəhərində keçirilən “TİTF-2025” beynəlxalq turizm sərgisinin açılış mərasimində DTA sədrinin müşaviri Kənan Quluzadə çıxış edərək Azərbaycan və Özbəkistan arasında inkişaf etməkdə olan turizm əlaqələri, birgə həyata keçirilən tədbirlər haqqında məlumat verib.

Həmçinin DTA-nın Aparat rəhbəri Kənan Əliyevin iştirakı ilə nümayəndə heyəti İslam Əməkdaşlıq Təşkilatının Turizm Forumunda təmsil olunub.