Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) “AzEdu.az” Təhsil Portalının təşəbbüsü ilə həyata keçirilən “Brend tələbə” layihəsi çərçivəsində seçilmiş tələbələrlə görüş təşkil olunub.
Layihənin məqsədi tələbələr arasında sağlam rəqabət mühiti formalaşdırmaq, fəal və istedadlı gəncləri cəmiyyətə daha yaxından tanıtmaq, onların uğurlarını həm yaşıdları, həm də gələcək tələbə namizədləri üçün motivasiya mənbəyinə çevirməkdən ibarətdir.
Tədbirdə ATMU-nun Marketinq və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Məhəbbət Hacıyeva və Karyera və məzunlarla iş şöbəsinin müdiri İlahə Əliyeva çıxış edərək gəncləri təbrik edib və hər birinə gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.
Daha sonra “AzEdu.az” Təhsil Portalının direktoru Ləman Novruzova çıxışında bildirib ki, “Brend tələbə”lərin seçimi zamanı bir sıra əsas meyarlara diqqət yetirilir. Bu meyarlar tələbənin universitetin ictimai həyatında fəallığı, yenilikçi düşüncəsi, yeni çağırışlara yaradıcı yanaşması, eləcə də ali təhsil müəssisəsinin nüfuzunun artırılmasına yönəlmiş ideya və təşəbbüslərlə çıxış etməsi kimi göstəriciləri əhatə edir. Namizədlərin milli və dövlətçilik dəyərlərinə sadiqliyi, bu mövqeyin prinsipial şəkildə qorunması, habelə beynəlxalq arenada Azərbaycanı layiqincə təmsil etmələri xüsusi əhəmiyyət daşıyır. Bununla yanaşı, nəzəri biliklərlə yanaşı praktiki bacarıqlara malik olmaq, ixtisas üzrə elmi və istehsalat göstəriciləri, analitik düşüncə qabiliyyəti də qiymətləndirilən əsas amillərdəndir.
Görüş zamanı tələbələr öz uğur hekayələrini bölüşüb, gələcəklə bağlı planlarından danışıblar və layihənin onların şəxsi və akademik inkişafına verdiyi töhfələri qeyd ediblər. Sonda tələbələrə təltifnamələr təqdim olunub.
Qeyd edək ki, 2025-ci il üzrə ATMU-nun “Brend tələbə”ləri aşağıdakılardır:
• Hülya Xanəliyeva – Sosial Menecment Fakültəsi, Sosial iş ixtisası
• Leyla Qəribova – Sosial Menecment Fakültəsi, Sosial iş ixtisası
• Telman Aslanlı – Sosial Menecment Fakültəsi, Sosial iş ixtisası
• Sənan Bəndəliyev – Sosial Menecment Fakültəsi, Muzey, arxiv işi və abidələrin qorunması ixtisası
• Yeganə Abbasova – Turizm və Qonaqpərvərlik Fakültəsi, Turizm işinin təşkili ixtisası
• Tahir Quliyev – Turizm və Qonaqpərvərlik Fakültəsi, Turizm bələdçiliyi ixtisası
• Abas Yusifzadə – Turizm və Qonaqpərvərlik Fakültəsi, Turizm bələdçiliyi ixtisası
• Aynur Əhmədova – Turizm və Qonaqpərvərlik Fakültəsi, Turizm işinin təşkili ixtisası
• Cəlal Əliyev – Turizm və Qonaqpərvərlik Fakültəsi, Turizm işinin təşkili ixtisası
• İsa Həşimov – Biznes və Menecment Fakültəsi, Marketinq ixtisası
Azərbaycanca