Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) Strateji inkişaf və keyfiyyət təminatı şöbəsinin təşəbbüsü ilə FİBAA (Foundation for International Business Administration Accreditation) beynəlxalq akkreditasiya agentliyi ilə Zoom platforması üzərindən onlayn görüş keçirilib.
Görüşdə ATMU-nun Strateji inkişaf və keyfiyyət təminatı şöbəsinin müdiri Sara Bağırlı, şöbənin mütəxəssisi Fidan Sarıbəyli və Beynəlxalq əlaqələr şöbəsinin mütəxəssisi Aytac Babayeva iştirak ediblər.
Görüşün əsas məqsədi universitetin təhsil proqramlarının beynəlxalq akkreditasiya imkanlarını araşdırmaq, keyfiyyət təminatı proseslərini beynəlxalq standartlara uyğunlaşdırmaq və onlayn təhsil proqramlarının qiymətləndirilməsi sahəsində təcrübəni artırmaq olub. Görüş zamanı FİBAA tərəfindən proqram akkreditasiyasının tətbiqi qaydaları və iştirak şərtləri barədə ətraflı məlumat verilib, müzakirələr aparılıb.
Həmçinin görüşdə FİBAA tərəfindən “Excellence in Digital Education” mövzusunda vebinarın təşkil olunacağı bildirilib, təqdimat və qiymətləndirmə qaydalarına dair materiallar təqdim edilib. ATMU nümayəndələri vebinarda iştirak etməyə dəvət olunub və gələcək əməkdaşlıq imkanları müzakirə edilib.
Bu görüş universitetin beynəlxalq akkreditasiya sahəsində fəaliyyətinin gücləndirilməsi, keyfiyyət təminatı standartlarının yüksəldilməsi və təhsil proqramlarının beynəlxalq nüfuzunun artırılması, eləcə də ATMU-nun 2022–2026-cı illər üzrə Strategiyasında müəyyən edilmiş “Ali təhsilin beynəlmiləlləşməsi” (Təhsil proqramlarının beynəlxalq proqram akkreditasiyası prioriteti üzrə) istiqamətində mühüm addım hesab olunur.
Azərbaycanca