Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) nümayəndələri FİBAA (Foundation for International Business Administration Accreditation) tərəfindən onlayn formatda təşkil olunan “Excellence in Digital Education” mövzusunda beynəlxalq vebinarda iştirak ediblər. Tədbirdə ATMU-nu Strateji inkişaf və keyfiyyət təminatı şöbəsinin əməkdaşları – Firuzə Raşova, Fidan Sarıbəyli və Alikper Rizayev təmsil ediblər.
Vebinarın əsas məqsədi universitetlərin keyfiyyət təminatı sistemlərini beynəlxalq standartlara uyğunlaşdırmaq, onlayn təhsil proqramlarının keyfiyyətini artırmaq və iştirakçıların akkreditasiya prosesində bilik və bacarıqlarını gücləndirmək olub.
Vebinar 17 ölkədən nümayəndələrin iştirakı ilə baş tutub. Sessiya çərçivəsində onlayn təhsil proqramlarının keyfiyyətinin qiymətləndirilməsi, beynəlxalq akkreditasiya tələbləri və rəqəmsal təhsildə mükəmməllik meyarları barədə geniş məlumat təqdim olunub. FİBAA nümayəndələri təqdimat materialları və qiymətləndirmə qaydalarını iştirakçılarla bölüşüb, həmçinin beynəlxalq təcrübə mübadiləsi aparılıb.
Qeyd edək ki, FİBAA Almaniyada yerləşən və beynəlxalq səviyyədə proqram və institut akkreditasiyası üzrə fəaliyyət göstərən nüfuzlu agentlikdir. Təşkilat universitetlərin təhsil proqramlarının keyfiyyətini beynəlxalq standartlara uyğun qiymətləndirmək və təkmilləşdirmək məqsədilə müxtəlif təlimlər və vebinarlar təşkil edir.
Azərbaycanca