ATMU-da turizm sahəsində karyera planlamasına dair görüş keçirilib
09.12.2025
Karyera və məzunlarla iş şöbəsi
Bölmə: Xəbərlər
Baxış sayı: 197
ATMU-da turizm sahəsində karyera planlamasına dair görüş keçirilib

Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) turizm işi ixtisasında təhsil alan tələbələr üçün karyera planlamasına həsr olunmuş görüş keçirilib. Tədbirin xüsusi qonağı beynəlxalq təcrübəyə malik, uzun illər menecment sahəsində fəaliyyət göstərən “Hilton Baku” otelinin baş meneceri Erhan Gürsel olub.

Görüş zamanı turizm və qonaqpərvərlik sahəsində karyerasını qurmaq istəyən tələbələr üçün olduqca vacib olan mövzular ətrafında geniş müzakirələr aparılıb. E. Gürsel turizm sektorunda inkişaf strategiyaları, dünya brendlərində – xüsusilə Hilton kimi qlobal şirkətlərdə – iş mədəniyyəti və karyera imkanları barədə məlumat verib. O həmçinin otel idarəçiliyinin əsas prinsipləri, real idarəetmə təcrübələri, komandaya rəhbərlik, motivasiya və şəxsi inkişaf yolları haqqında öz təcrübələrini bölüşüb. Həmçinin görüşdə “Hilton Baku” İnsan resursları direktoru Xəyalə Əsgərzadə və ATMU məzunu olan, hazırda “Hilton Baku”nun Kommersiya direktoru, Rusiya və MDB ölkələri üzrə Satışların Regional direktoru vəzifəsində çalışan Fəridə Həsənova da iştirak ediblər.

Tələbələr üçün praktiki tövsiyələr təklif edən qonaqlar iş bazarında rəqabətdə fərqlənməyin vacibliyini və gənc mütəxəssislərin diqqət etməli olduqları əsas bacarıqları vurğulayıblar. Görüşün interaktiv hissəsində tələbələr qonaqlara suallar ünvanlayaraq turizm sahəsində beynəlxalq karyera qurmaqla bağlı bir çox məqamlara aydınlıq gətiriblər.

Tədbir turizm sahəsində gələcək peşə yolunu daha səmərəli planlamaq istəyən tələbələr üçün real təcrübə və dəyərli bilik qazanmaq baxımından xüsusi əhəmiyyət daşıyıb.