Bu gün Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) Turizm və Qonaqpərvərlik fakültəsinin dekanı, tarix elmləri namizədi, dosent Bahadur Ənvər oğlu Bilalovun yubileyidir.
Bahadur Bilalov 11 dekabr 1955-ci ildə Göyçay rayonunun Bığır kəndində anadan olub. O, 1978–1984-cü illərdə Azərbaycan Dövlət Universitetinin (hazırda BDU) Tarix fakültəsində təhsil alıb, universiteti “tarixçi, tarix və ictimaiyyət müəllimi” ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib. 1986–1990-cı illərdə Bakı Dövlət Universitetinin dissertantı olub, 1992-ci ildə “Ümumi tarix” ixtisası üzrə dissertasiya müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsini, 2008-ci ildə isə dosent elmi adını alıb.
Bahadur Bilalov 1980–1993-cü illərdə BDU-nun “Avropa və Amerika ölkələrinin yeni və ən yeni tarixi” kafedrasında laborant, baş laborant və müəllim vəzifələrində çalışıb. 1993–2001-ci illərdə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Xarici Turizm Şurasında “Turizmin təşkili və xidmət” şöbəsinin müdiri, 2001–2002-ci illərdə “Azərbaycan turizm sənayesinin inkişafı İttifaqı”nda aparıcı mütəxəssis, 2002–2006-cı illərdə isə Bakı Bədən Tərbiyəsi və Turizm Kollecində müəllim və “Turizm və sosial-mədəni servis” fənn birliyinin sədri olub.
2006-cı ildə Azərbaycan Turizm və Menecment Universitetində hazırkı “Turizm işi” kafedrasını yaradıb və 2018-ci ilə qədər həmin kafedraya rəhbərlik edib. 2018-ci ildən etibarən ATMU-nun Turizm və Qonaqpərvərlik fakültəsinin dekanıdır.
Ömrünün 30 ildən çoxunu turizm sahəsinə həsr edən Bahadur Bilalovun elmi tədqiqat istiqaməti də məhz turizmin inkişafına yönəlib. O, 80-dən çox elmi əsərin, 3 monoqrafiyanın, 1 dərsliyin və 7 dərs vəsaitinin müəllifi və ya həmmüəllifidir. Ümummilli lider Heydər Əliyevin 100 illiyi münasibətilə M.Ağakərimovla birgə qələmə aldığı “Heydər Əliyev və Azərbaycan turizmi” kitabı oxucular tərəfindən böyük maraqla qarşılanıb.
ATMU ailəsi olaraq Bahadur müəllimi yubileyi münasibətilə səmimi qəlbdən təbrik edir, ona möhkəm can sağlığı və elmi-pedaqoji fəaliyyətində uğurlar arzulayırıq!
Azərbaycanca