Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) ilə universitet əməkdaşlarının Həmkarlar İttifaqı Komitəsi arasında 2025–2027-ci illəri əhatə edən kollektiv müqavilə imzalanıb. Müqavilə işçilərin əmək, sosial və iqtisadi hüquqlarının qorunmasını, əmək münasibətlərinin qanunvericiliyə uyğun tənzimlənməsini və müəssisədə sağlam, təhlükəsiz iş şəraitinin yaradılmasını nəzərdə tutur. Sənəd işçilərin hüquqi maarifləndirilməsi, onların sosial rifahının artırılması, şəxsi və ailə-məişət məsələləri ilə bağlı əlavə güzəştlərin tətbiqi, həmçinin müvafiq hallarda ödənişli məzuniyyətlərin verilməsi kimi öhdəlikləri əhatə edir. Müqaviləyə əsasən işçilər üçün təhlükəsizlik qaydalarının icrası, istehsalatda baş verən hadisələrin araşdırılması, əmək mühafizəsi tədbirlərinin həyata keçirilməsi və zəruri təlimatlandırmanın təşkili təmin olunur. Eyni zamanda universitet əməkdaşlarının asudə vaxtlarının səmərəli təşkili üçün mədəni-kütləvi və idman tədbirlərinin keçirilməsinə, maddi yardımların göstərilməsinə və istirahət, sanatoriya müalicəsi ilə bağlı dəstəyə şərait yaradılır. Müqavilə həm Həmkarlar İttifaqı Komitəsinin fəaliyyətinin dəstəklənməsini, ona zəruri iş şəraitinin təmin edilməsini və üzvlük haqlarının qaydalara uyğun şəkildə köçürülməsini nəzərdə tutur. Bu kollektiv müqavilə tərəflər arasında əməkdaşlığı gücləndirir və universitet işçilərinin sosial təminatının yüksəldilməsinə yönəldilib.
Azərbaycanca