Azərbaycan-Avstriya Turizm Proqramı çərçivəsində tərəfdaş IMC Krems Tətbiqi Elmlər Universitetinin kurrikulumuna əsasən AATP2024 bakalavr qrupuna tədris olunan TouristBehaviorandPsychology (Turist davranış və psixologiya) fənni uğurla yekunlaşıb.
Fənn tələbələrə turist davranışlarının və psixologiyasının əsas nəzəri yanaşmalarını mənimsəmək, səyahət motivasiyasının xüsusiyyətlərini, turist münasibətləri və gözləntilərini, məlumatlılıq və destinasiya imicinin formalaşmasını, eləcə də qərarvermə prosesləri və mədəni-sosial amillərin turist davranışına təsirini dərk etmək imkanı yaradıb.
Fənn İsveçrənin Glion Universitetində magistratura təhsili almış, proqramın akademik heyət üzvü Aysel Allahverdiyeva tərəfindən yekunlaşdırılıb. Müəllim beynəlxalq təhsil mühiti və praktik yanaşmaya əsaslanan tədris üslubu ilə nəzəri bilikləri real turizm nümunələri ilə əlaqələndirərək tələbələrin analitik və tənqidi düşünmə bacarıqlarının inkişafına töhfə verib.
Dərslər çərçivəsində tələbələr turistlərin məlumat axtarışı davranışını, səyahət qərarvermə prosesinin mərhələlərini və bu prosesə təsir edən amilləri, müxtəlif turist tiplərini, turizmdə sosial rolları və mövcud stereotipləri, habelə emosional və psixoloji faktorların destinasiya təcrübəsi və seçimlərinə təsirini praktiki nümunələr əsasında təhlil ediblər.
Tədrisin sonuncu günündə tələbələr fənn üzrə əldə etdikləri bilik və bacarıqları əks etdirən təqdimatlarla çıxış edərək, turist davranışı və psixologiyası ilə bağlı mövzuları analitik yanaşma və praktiki nümunələr əsasında təqdim ediblər.
Azərbaycanca