Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) bakalavr səviyyəsi üzrə əyani təhsil alan “Turizm işinin təşkili” ixtisasının I kurs tələbələri ilə məlumatlandırıcı görüş keçirilib. Görüşün məqsədi Türkiyənin nüfuzlu ali təhsil müəssisələrindən biri olan Eskişehir Osmangazi Universiteti ilə ATMU arasında həyata keçirilən “Turizm işi” üzrə ikili diplom proqramı haqqında tələbələrə ətraflı məlumat vermək olub.
ATMU-nun rektoru İlham Mədətov çıxışında bildirib ki, Eskişehir Osmangazi Universiteti yarandığı gündən etibarən təhsildə mükəmməlliyi əsas prinsip kimi qəbul edərək milli və beynəlxalq səviyyədə tanınan, effektiv və rəqabətədavamlı təhsil mühiti formalaşdırıb. Onun sözlərinə görə, biliyi dəyərə çevirən, cəmiyyətdə qabaqcıl mövqe tutan, milli və beynəlxalq miqyasda tanınan və hörmət edilən tədqiqat universiteti olmaq ali təhsil müəssisəsinin əsas məqsəd və hədəfləri sırasındadır.
ATMU-nun strateji inkişaf üzrə prorektoru Araz Aslanlı, Turizm və Qonaqpərvərlik fakültəsinin dekanı Bahadur Bilalov və dekan müavini Emin Quliyev görüş zamanı sözügedən təhsil proqramının tələbələrə qazandıracağı üstünlüklər, təhsil müddəti, akademik imkanlar və qəbul qaydaları barədə geniş məlumat təqdim ediblər.
Tədbir zamanı vurğulanıb ki, 50 illik elmi ənənələrə malik olan Eskişehir Osmangazi Universiteti Türkiyənin köklü və güclü universitetləri sırasında yer alır. Universitet Eskişehir vilayətinin mərkəzində və rayonlarında yerləşən kampuslarında təxminən 1800 nəfərlik professor-müəllim heyəti ilə təhsil, elmi-tədqiqat və səhiyyə sahələrində geniş xidmətlər göstərir. Belə nüfuzlu ali təhsil müəssisəsində təhsil almaqla iki diplom əldə etmək ATMU tələbələrinin gələcək karyera inkişafına geniş imkanlar yaradacaq, eyni zamanda onların qazandıqları elmi və praktiki biliklər ölkəmizin turizm sənayesinin inkişafına mühüm töhfə verəcək.
Daha sonra ATMU-nun Beynəlxalq əlaqələr şöbəsinin mütəxəssisi İranə Axundova iki ali təhsil müəssisəsi arasında həyata keçirilən ikili diplom proqramı çərçivəsində təqdimatla çıxış edərək proqramın mərhələləri, təhsil prosesi və iştirak şərtləri barədə tələbələrə ətraflı məlumat verib.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.
Azərbaycanca