ATMU-nun Karyera və Məzunlarla iş şöbəsinin təşkilatçılığı ilə tələbələr üçün “İmtahanqabağı stressin idarə edilməsi” mövzusunda seminar keçirilib. Məqsəd tələbələrin imtahan dövründə qarşılaşdıqları psixoloji gərginliyin azaldılması, stressin effektiv idarə olunması və akademik performansın yüksəldilməsi olub.
Tədbirdə spiker qismində HR mütəxəssisi, karyera və daxili bacarıqların inkişafı üzrə mütəxəssis Qumru Abdullayeva çıxış edib. Seminar zamanı iştirakçılara stressin əsas mənbələrinin müəyyənləşdirilməsi, emosional balansın qorunması yolları, imtahan dövründə özünüidarəetmə və düzgün planlama texnikaları barədə ətraflı məlumat verilib.
Təlim interaktiv formatda təşkil olunub, praktiki tapşırıqlar və real situasiyalar üzərindən stressi idarəetmə texnikaları nümayiş etdirilib. Həmçinin konsentrasiyanın artırılması, motivasiyanın qorunması və vaxtın düzgün planlaşdırılması ilə bağlı faydalı tövsiyələr iştirakçıların diqqətinə çatdırılıb.
Seminar tələbələr tərəfindən böyük maraqla qarşılanıb və imtahanlara daha hazırlıqlı və sakit yanaşmaq baxımından faydalı olub.
Karyera və Məzunlarla iş şöbəsi gələcəkdə də tələbələrin şəxsi və peşəkar inkişafına töhfə verən bu cür maarifləndirici tədbirlərin davam etdiriləcəyini bildirib.
Azərbaycanca