ATMU əməkdaşları III Beynəlxalq Simpoziumda iştirak ediblər
17.12.2025
Biznes və menecment fakültəsi (məktəbi)
Bölmə: Xəbərlər
Baxış sayı: 242
ATMU əməkdaşları III Beynəlxalq Simpoziumda iştirak ediblər

Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) Biznes və menecment fakültəsinin (məktəbinin) dekanı, dosent Vüqar Nəzərov və Menecment kafedrasının müdiri, dosent Camal Hacıyev 2024-cü ildə Naxçıvan Dövlət Universitetinin (NDU) İqtisadiyyat kafedrası ilə ATMU-nun Menecment kafedrası arasında imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində Naxçıvan Dövlət Universitetində keçirilən “Texnoparkların təhsildə və iqtisadi inkişafda rolu” mövzusunda III Beynəlxalq Simpoziumda iştirak ediblər.

Simpozium çərçivəsində ATMU əməkdaşları tərəfindən “Azərbaycanda kiçik və orta turizm müəssisələrinin rəqəmsal transformasiyasının inkişaf istiqamətləri” mövzusunda elmi məruzə ilə çıxış edilib. Məruzədə ölkədə turizm sektorunda fəaliyyət göstərən kiçik və orta sahibkarlıq subyektlərinin rəqəmsallaşma səviyyəsi, mövcud problemlər, innovativ texnologiyaların tətbiq imkanları və bu sahədə beynəlxalq təcrübələr geniş şəkildə təhlil olunub.

Qeyd etmək lazımdır ki, imzalanmış əməkdaşlıq memorandumu əsasında simpozium ərəfəsində bir sıra birgə fəaliyyətlər həyata keçirilib, elmi əlaqələrin genişləndirilməsi, təcrübə mübadiləsi və gələcək layihələrin planlaşdırılması istiqamətində müzakirələr aparılıb. Bu əməkdaşlıq ali təhsil müəssisələri arasında elmi-tədqiqat fəaliyyətinin gücləndirilməsinə və akademik inteqrasiyanın dərinləşdirilməsinə mühüm töhfə verir.

Belə beynəlxalq elmi platformalar alim və tədqiqatçılar arasında bilik və təcrübə mübadiləsinin aparılması, yeni elmi əməkdaşlıqların qurulması, eləcə də ölkəmizin elmi potensialının beynəlxalq müstəvidə tanıdılması baxımından xüsusi əhəmiyyət daşıyır və bu istiqamətdə mühüm rol oynayır.