Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) tələbələri ADA Universitetində İtaliya–Azərbaycan Universiteti layihəsi çərçivəsində təqdim olunan magistratura proqramlarına həsr edilən infosessiyaya dəvət olunublar. İnfosessiyada ATMU-nun “Turizm işinin təşkili ixtisası” üzrə AATP proqramının, eləcə də “Tərcümə” və “Beynəlxalq münasibətlər” ixtisaslarının tələbələri akademik məsləhətçilər ilə birlikdə iştirak ediblər.
Tədbir çərçivəsində təqdim edilən “Qlobal idarəetmə və siyasət” magistratura proqramının “Made in Azerbaijan” yönümlü olduğu və İtaliyanın Luiss Guido Carli Universiteti ilə birgə hazırlandığı bildirilib. Eyni zamanda “Heyətin idarə edilməsi” ixtisası üzrə HR sahəsində ixtisaslaşmaq imkanının mövcud olduğu qeyd edilib. Bundan əlavə “Kənd təsərrüfatı və qida sistemləri üzrə menecment” ixtisasının İtaliyanın Bolonya Universiteti ilə əməkdaşlıq çərçivəsində formalaşdırıldığı diqqətə çatdırılıb.
Tədbir zamanı Dr. Saida Əliyeva tərəfindən “Interconnections between sustainability and food systems” mövzusunda seminar təşkil olunub. Seminar çərçivəsində tələbələr qrup işləri təqdim edərək mövzu ətrafında müzakirələr aparıblar.
Tədbirin sonunda ADA Universiteti adından iştirakçılara xatirə hədiyyələri təqdim olunub və universitetin kampusu üzrə ekskursiya təşkil edilib.
Bu cür maarifləndirici görüşlər tələbələrin beynəlxalq magistratura imkanları barədə məlumatlanmasına və akademik dünyagörüşlərinin genişlənməsinə töhfə verir.
Azərbaycanca