Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) Tələbə Elmi Cəmiyyətinin (TEC) təşəbbüsü ilə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) əsas korpusunda “UNEC, gəl söhbət edək” adlı seminar keçirilib. Seminar tələbələr üçün həm maarifləndirici, həm də motivasiyaedici xarakter daşıyıb. Tədbir zamanı iştirakçılara natiqlik sənətinin əhəmiyyəti, düzgün və təsirli ünsiyyət bacarıqlarının formalaşdırılması, bu bacarıqların təhsil, karyera və gündəlik həyatda harada və necə istifadə oluna biləcəyi barədə geniş və faydalı məlumatlar təqdim olunub.
İnteraktiv formatda təşkil edilmiş seminarda tələbələr müzakirələrə qoşularaq öz fikirlərini bölüşüb, praktiki nümunələr üzərində çalışıblar. Tədbirin davamında real iş mühitini əks etdirən kiçik bir müsahibə (intervü) simulyasiyası keçirilib, tələbələr bu simulyasiya vasitəsilə öz ünsiyyət və özünüifadə bacarıqlarını sınamaq imkanı əldə ediblər.
Seminarın sonunda isə fəallığı və aktiv iştirakı ilə seçilən tələbələrə sertifikatlar təqdim olunub. Tədbir iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb və tələbələrin şəxsi inkişafına mühüm töhfə verib.
Qeyd edək ki, ATMU TEC-in sədri Abas Yusifzadə bu təlimi Azərbaycan Turizm və Menecment Universitetinin vəfat etmiş tələbəsi Ağa Əhmədovun əziz xatirəsinə həsr edib.
Azərbaycanca