Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi (ETN), Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi (EATDA) və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (AZİ) birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş “Doktorantların və Gənc Tədqiqatçıların XXVIII Respublika Elmi Konfransı (NASCO XXVIII)” keçirilib. Konfransda Azərbaycan Turizm və Menecment Universitetinin Strateji inkişaf və keyfiyyət təminatı şöbəsinin müdiri, Turizm işi kafedrasının baş müəllimi, c.ü.f.d. Sara Bağırlı “Azərbaycanın milli-mədəni irsinin rekreasiya fəaliyyətinin inkişafına təsiri”, Strateji inkişaf və keyfiyyət təminatı şöbəsinin baş mütəxəssisi, Humanitar və sosial elmlər kafedrasının dosent əvəzi, sən.ü.f.d. Firuzə Raşova isə “Türk dünyası ölkələri arasında ortaq tarix və mədəniyyətin mədəni irs vasitəsilə təbliği və qorunması” mövzularında elmi məqalələrlə iştirak ediblər.
Tədbirdə dövlət rəsmiləri, yerli və xarici alimlər, rektorlar, doktorantlar və gənc tədqiqatçılar da iştirak edib. Konfrans çərçivəsində elmi müzakirələr və panel sessiyalar bir neçə əsas istiqamət üzrə aparılıb, tədbir müxtəlif elmi sahələri əhatə edən bölmə iclasları ilə davam edib. Bölmə iclaslarında doktorantlar və gənc tədqiqatçılar müxtəlif mövzular üzrə elmi məruzələrlə çıxış ediblər.
NASCO XXVIII konfransı gənc alimlərin elmi yaradıcılığının stimullaşdırılması, multidisiplinar tədqiqatların dəstəklənməsi və elmi fikir mübadiləsinin genişləndirilməsi baxımından mühüm platforma rolunu oynayıb. Tədbir, həmçinin elm və təhsilin cəmiyyətlə daha sıx inteqrasiyasına yönəlmiş strateji dialoqlar üçün əlverişli mühit yaradıb.
Yekunda konfrans iştirakçılarına sertifikatlar təqdim edilib.
Azərbaycanca