ATMU-da 2027-2031-ci illər üçün Strateji İnkişaf Planı üzrə görüş
23.12.2025
Strateji inkişaf və keyfiyyət təminatı şöbəsi
Bölmə: Xəbərlər
Baxış sayı: 198
ATMU-da 2027-2031-ci illər üçün Strateji İnkişaf Planı üzrə görüş

Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) 2027–2031-ci illər üzrə Strateji İnkişaf Planının hazırlanması məqsədilə yaradılmış İşçi qrupun növbəti iclası keçirilib.

İclasda İşçi qrupun sədri, Strateji inkişaf üzrə prorektor Araz Aslanlı Strateji İnkişaf Planının hazırlanması istiqamətində yol xəritəsinin gedişatı və növbəti mərhələdə atılacaq addımlar barədə məlumat verib.

İşçi qrupun katibi, Strateji inkişaf və keyfiyyət təminatı şöbəsinin müdiri Sara Bağırlı maraqlı tərəflərdən daxil olan geridönüşlər haqqında məlumat verib, daha sonra bu istiqamətdə geniş müzakirələr aparılıb. Qeyd olunub ki, 2025-ci ilin noyabr ayından etibarən maraqlı tərəflərin fikir və təkliflərinin öyrənilməsinə başlanılıb, bu məqsədlə akademik və inzibati heyət üzvlərinə, təhsilalanlara (bakalavriat, magistratura və doktorantura səviyyələri üzrə), məzunlara və işəgötürənlərə elektron poçt vasitəsilə sorğular ünvanlanıb. İlkin mərhələdə əldə olunan təkliflər ümumiləşdirilərək İşçi qrupun iclasında müzakirə edilib, onların Strateji İnkişaf Planının forma və strukturunun müəyyənləşdirilməsindəki əhəmiyyəti vurğulanıb.

Növbəti mərhələdə mövcud Strateji İnkişaf Planında həlli yekunlaşmayan aktual və prioritet məsələlərin, dövlətin bu sahədə mövcud siyasət sənədlərinin siyahılaşdırılması, eləcə də beynəlxalq təcrübənin araşdırılması və təhlili istiqamətində müvafiq qərarlar qəbul edilib.

Qeyd edək ki, ATMU-nun 2022–2026-cı illər üzrə Strategiyasının 2026-cı ildə başa çatması nəzərə alınaraq, cari ilin oktyabr ayında ATMU rektorunun əmri ilə 2027–2031-ci illər üzrə Strateji İnkişaf Planının hazırlanması məqsədilə Komissiya və İşçi qrup formalaşdırılıb. Komissiyanın tərkibinə sədr rektor olmaqla, prorektorlar, rektor müşavirləri, fakültə, kafedra və struktur rəhbərləri, eləcə də təhsilalanlar və işəgötürənlər daxildir. İşçi qrup isə sədr qismində Strateji inkişaf üzrə prorektor olmaqla, şöbə, fakültə və kafedraları təmsil edən ümumilikdə 5 nəfərdən ibarətdir.