Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) tərəfdaşlığı ilə Multidissiplinar Elmlər üzrə 11-ci Beynəlxalq Konfrans (11th ICOMUS) uğurla təşkil olunub. Konfrans Isparta Tətbiqi Elmlər Universitetinin təşkilatçılığı, Niş Universiteti və Mekin Akademiyası ilə əməkdaşlıq çərçivəsində keçirilib. “Rəqəmsallaşmadan kənar: Ağıllı cəmiyyətlər və yeni paradiqmalar” mövzusuna həsr olunan tədbir müxtəlif ölkələrdən alim və tədqiqatçıları bir araya gətirib.
Konfransda 13 ölkəni təmsil edən iştirakçılar tərəfindən 70-dən çox elmi məruzə təqdim olunub, Tədbirdə Azərbaycan, Türkiyə, İraq, İordaniya, Mərakeş, Sudan, Küveyt, Səudiyyə Ərəbistanı, Albaniya, Bolqarıstan, Rumıniya, Moldova və Misiri təmsil edən alimlər iştirak ediblər. Sessiyalar çərçivəsində süni intellekt, rəqəmsal transformasiya, ağıllı təhsil və ekoloji davamlılıq kimi aktual mövzular müzakirə edilib.
Konfransın açılış sessiyasında elm və təhsil sahəsində beynəlxalq əməkdaşlığın əhəmiyyəti vurğulanıb. Açılış mərasimində ATMU-nun Elmi məsələlər üzrə prorektoru İranə Əliyeva və rektor müşaviri Fərid Cabbarlı çıxış edərək universitetin elmi inkişaf strategiyası, beynəlxalq əməkdaşlıq imkanları və ağıllı cəmiyyətlər mövzusunda perspektivlər barədə fikirlərini bölüşüblər. Əsas məruzəçilər tərəfindən ağıllı cəmiyyətlərin formalaşmasına dair konseptual çıxışlar edilib. Üç gün davam edən konfrans ATMU nümayəndələrinin fəal iştirakı ilə beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsi baxımından mühüm platforma olub.
Sonda konfrans iştirakçılarına ATMU tərəfindən sertifikatlar təqdim olunub və onlar üçün universitetin müxtəlif promo materialları paylanılıb.
11-ci ICOMUS konfransı iştirakçılara elmi məruzələrini təqdim etmək, təcrübə mübadiləsi aparmaq və beynəlxalq akademik əməkdaşlıq əlaqələrini genişləndirmək üçün mühüm imkan yaradıb.
Azərbaycanca