Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) görkəmli Azərbaycan şairi və maarifçisi Seyid Əzim Şirvaninin anadan olmasının 190 illiyi münasibətilə “Aləmdə səsim var mənim” adlı ədəbi-bədii tədbir keçirilib. Tədbir universitetin tələbə və müəllim heyətinin iştirakı ilə baş tutub .
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ardınca universitetin rektoru İlham Mədətov açılış nitqi ilə çıxış edərək Seyid Əzim Şirvaninin Azərbaycan ədəbiyyatındakı əvəzsiz rolundan danışıb. Rektor qeyd edib ki, Seyid Əzim Şirvani təkcə klassik poeziyamızın görkəmli nümayəndəsi deyil, eyni zamanda maarifçilik ideyalarının carçısı, milli düşüncənin formalaşmasında mühüm rol oynamış şəxsiyyətdir. O vurğulayıb ki, Şirvaninin yaradıcılığı bu gün də aktuallığını qoruyur, gənc nəslin vətənpərvərlik, mənəvi dəyərlər və milli kimlik ruhunda tərbiyəsində mühüm əhəmiyyət daşıyır. İ.Mədətov belə tədbirlərin keçirilməsinin tələbələrin ədəbiyyata, milli-mənəvi irsə marağının artırılmasına xidmət etdiyini bildirib və tədbirin təşkilində əməyi olan müəllim və tələbələrə təşəkkür edib.
Tədbirdə Dillər kafedrasının baş müəllimi Almaz Zöhrabova “S.Ə.Şirvani yaradıcılığının əsas xüsusiyyətləri”, kafedranın müəllimi, filologiya üzrə elmlər doktoru, dosent Ağaverdi Xəlilov isə “Seyid Əzim Şirvani şeirlərinin üslub xüsusiyyətləri” mövzularında elmi çıxışlar ediblər.
Tədbir çərçivəsində tələbələr “S.Ə.Şirvaninin həyatı və yaradıcılığı” mövzusunda məruzə ilə çıxış ediblər. Daha sonra şairin “Mənim”, “Bəri bax”, “Neylirəm, gülizarı kim”, “Necə həmtay tutum” və “Mən eylə bilirdim ki” qəzəlləri müxtəlif ixtisas qruplarından olan tələbələr tərəfindən bədii qiraət formasında səsləndirilib.
Tədbir Seyid Əzim Şirvaninin sözlərinə yazılmış “Yada saldıqda səni” mahnısının səsləndirilməsi ilə başa çatıb
Azərbaycanca