Türkiyə–Azərbaycan Universitetində (TAU) Azərbaycan Milli Qida Texnologiyaları Platformasının IV iclası keçirilib. İclasda qida sənayesi sahəsində fəaliyyət göstərən aparıcı şirkətlərin, ali təhsil müəssisələrinin və akademik qurumların nümayəndələri iştirak ediblər.
Tədbirdə Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) qida mühəndisliyi və əlaqəli istiqamətlər üzrə universitet nümayəndələri qismində a.e.ü.f.d., dosent Çingiz Əliyev və Pakizə Tanırverdiyeva tərəfindən təmsil olunub. ATMU nümayəndələrinin iştirakı universitet–sənaye əməkdaşlığının genişləndirilməsi, tədris proqramlarının müasir sənaye tələblərinə uyğunlaşdırılması və elmi-tədqiqat fəaliyyətlərinin gücləndirilməsi baxımından əhəmiyyətli olub.
Görüş zamanı Türkiyə–Azərbaycan Universitetinin rektoru, professor Vilayət Vəliyev “Universitet–sənaye əməkdaşlığı kontekstində Qida Platforması” layihəsinin Müşahidə Şurası tərəfindən təsdiq edildiyini bildirib və layihənin əsas iş paketlərini iştirakçıların diqqətinə çatdırıb. Layihə rəhbəri professor doktor Vural Gökmen isə Platformanın məqsədləri, fəaliyyət istiqamətləri və işçi qrupları barədə ətraflı məlumat verib.
İclas çərçivəsində “Veysəloğlu” Şirkətlər Qrupunun nümayəndəsi Şəhla Yusifzadə “Azərbaycan qida sənayesində təhlükəsizlik və etik yanaşmalar: reallıqlar və perspektivlər” mövzusunda təqdimatla çıxış edib. Təqdimat universitet–sənaye əməkdaşlığı çərçivəsində mövcud çağırışlar və gələcək imkanlar ətrafında geniş müzakirələrə zəmin yaradıb.
ATMU nümayəndələrinin bu platformada iştirakı universitetin qida texnologiyaları və qida təhlükəsizliyi sahəsində milli və beynəlxalq əməkdaşlıqlara verdiyi önəmin göstəricisi olmaqla yanaşı, gələcəkdə birgə layihələrin reallaşdırılması üçün mühüm perspektivlər formalaşdırır.
Azərbaycanca