Azərbaycan–Avstriya Turizm Proqramı çərçivəsində 2025/26-cı tədris ilinin payız semestrinin sonuncu əcnəbi qonaq müəllimin tədrisi uğurla başa çatıb.
Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) ilə Avstriyanın IMC Krems Tətbiqi Elmlər Universiteti arasında həyata keçirilən Azərbaycan–Avstriya Turizm Proqramı (AATP) çərçivəsində 2025/26-cı tədris ilinin payız semestri üzrə sonuncu əcnəbi qonaq müəllimin tədris fəaliyyəti uğurla yekunlaşıb.
Turizm sahəsi üzrə tanınmış beynəlxalq ekspert, IMC Krems Tətbiqi Elmlər Universitetinin müəllimi Dr. Dario Bertocchi tərəfindən AATP 2025 bakalavr qrupu üçün “Understanding Tourism”, AATP 2024 bakalavr qrupu üçün isə “Sustainability in Tourism” fənləri üzrə dərslər təxminən iki həftə ərzində aparılıb.
Tədris prosesi çərçivəsində AATP 2025 bakalavr qrupunun tələbələri səyahət və turizm sahəsində etibarlı ikinci dərəcəli məlumat mənbələrinin müəyyənləşdirilməsi, onların təhlili və düzgün istifadəsi üzrə mühüm bilik və bacarıqlara yiyələniblər.
AATP 2024 bakalavr qrupunda isə turizmin iqtisadi, sosial və ekoloji təsirləri, iqlim dəyişmələri, insan hüquqları ilə turizm arasındakı qarşılıqlı əlaqə, dayanıqlı turizm məhsullarının forma və ölçüləri, eləcə də turizmdə dayanıqlılığın təmin olunmasına yönəlmiş alət və siyasətlər üzrə nəzəri və praktik biliklər formalaşdırılıb.
Dərslər interaktiv müzakirələr, praktik nümunələr və beynəlxalq akademik yanaşmalar əsasında təşkil olunub. Bu yanaşma tələbələrin analitik düşünmə bacarıqlarının və qlobal turizm trendlərini anlama səviyyəsinin yüksəldilməsinə mühüm töhfə verib.
Qeyd edək ki, Azərbaycan–Avstriya Turizm Proqramı çərçivəsində əcnəbi qonaq müəllimlərin ATMU-da tədrisə cəlb olunması universitetdə təhsilin keyfiyyətinin yüksəldilməsinə, tələbələrin beynəlxalq təcrübəyə çıxış imkanlarının genişlənməsinə və müasir turizm biliklərinin tədris prosesinə inteqrasiyasına xidmət edir.
Azərbaycanca