ATMU-da keyfiyyət idarəetmə sistemi müzakirə olunub
30.12.2025
Strateji inkişaf və keyfiyyət təminatı şöbəsi
Bölmə: Xəbərlər
Baxış sayı: 153
ATMU-da keyfiyyət idarəetmə sistemi müzakirə olunub

Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) keyfiyyət idarəetmə sistemi və SƏTƏM-in təkmilləşdirilməsi məqsədilə TCS (Training & Career Services / Təlim və Karyera Xidmətləri) şirkətinin meneceri Murad Mehdiyev ilə universitet nümayəndələri arasında görüş keçirilib.

Görüş zamanı TCS-in fəaliyyət istiqamətləri, qlobal miqyasda həyata keçirdiyi layihələr, innovativ həllər, karyera imkanları, eləcə də təlim, akkreditasiya və sertifikatlaşdırma xidmətləri barədə ətraflı məlumat verilib.

Tədbirdə ATMU-nun Tədris-metodiki şöbəsinin müdir müavini Bəhruz İsgəndərov, Strateji inkişaf və keyfiyyət təminatı şöbəsinin müdiri Sara Bağırlı, baş mütəxəssis Firuzə Raşova və mütəxəssis Fidan Sarıbərli iştirak ediblər.

TCS nümayəndəsi şirkətin informasiya texnologiyaları, konsaltinq və rəqəmsal transformasiya sahələrindəki təcrübəsindən, həmçinin mütəxəssislər üçün keyfiyyət idarəetmə sistemi və SƏTƏM istiqamətində həyata keçirilən təlim, inkişaf proqramları və sertifikatlaşdırma imkanlarından bəhs edib. Görüş interaktiv müzakirə və sual-cavab formatında davam edib.

Görüşün əsas məqsədi keyfiyyət idarəetmə sistemi və SƏTƏM üzrə təlimlərin təşkili, beynəlxalq sertifikatlaşdırma imkanları ilə bağlı məlumatlandırma olub. Tərəflər eyni zamanda gələcəkdə birgə layihələr, təcrübə proqramları və kadr hazırlığı istiqamətində əməkdaşlıq perspektivlərini müzakirə ediblər.

Qeyd olunub ki, bu cür görüşlər universitet daxilində müvafiq sahələrin inkişafına, sənaye əlaqələrinin gücləndirilməsinə, eləcə də praktiki bilik və bacarıqların artırılmasına xidmət edir.