Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) Qida mühəndisliyi ixtisasının tələbələri üçün “Süd və süd məhsullarının istehsal texnologiyası” fənni çərçivəsində “Milla Dairy” müəssisəsində praktik dərs təşkil olunub.
Praktik dərsin əvvəlində müəssisənin nümayəndəsi Elmar Kərimov tərəfindən təqdimat vasitəsilə tələbələrə “Milla Dairy” şirkətinin fəaliyyəti, istehsal gücü, məhsul çeşidləri və keyfiyyətə nəzarət sistemləri haqqında ətraflı məlumat verilib. Daha sonra tələbələr Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin Mühafizəsi (SƏTƏM) üzrə qısa təlimdə iştirak edib, müəssisədaxili davranış qaydaları ilə tanış olublar.
Təlimdən sonra tələbələr müəssisə daxilində dondurma, kəsmik, qatıq və digər süd məhsullarının istehsal texnologiyası ilə əyani şəkildə tanış olublar. Müəssisənin koordinatoru Emin müəllim tərəfindən istehsal prosesinin bütün mərhələləri ətraflı izah edilib, xammal və taraların istehsala hazırlanması, xammalın emalı, qatıq məhsulunun fermentasiya və yetişdirilmə prosesi, hazır məhsulların qablaşdırılması və saxlanma şəraiti praktik olaraq nümayiş etdirilib.
Bununla yanaşı, tələbələr müəssisənin laboratoriyasında xammalın, yarımfabrikatların və hazır məhsulların keyfiyyət göstəricilərinin yoxlanılması prosesi ilə tanış olub, laboratoriya əməkdaşları tərəfindən aparılan analizləri izləyiblər. Tələbələrin ünvanladıqları suallar ətraflı şəkildə cavablandırılıb.
Eyni zamanda tələbələr dondurma istehsalı prosesini də müşahidə edib, istehsalın son mərhələsində hazır məhsullar dequstasiya məqsədilə onlara təqdim olunub. Praktik dərs zamanı sevindirici məqamlardan biri ATMU-nun məzunları ilə görüş olub. Hazırda “Milla Dairy”müəssisəsində çalışan məzunlarla keçirilən bu görüşlər tələbələr üçün peşəkar inkişaf baxımından motivasiyaedici xarakter daşıyıb.
Praktik dərsin sonunda tələbələrə gələcək peşə fəaliyyətlərini “Milla Dairy” müəssisəsində qurmaqla bağlı tövsiyələr verilib, həmçinin şirkət tərəfindən süd məhsullarından ibarət hədiyyələr təqdim olunub.
Qeyd edək ki, “Milla Dairy” müəssisəsində keçirilən praktik dərs ATMU-nun “Mehmanxana və restoran işi” kafedrasının müəllimləri Pakizə Tanırverdiyeva və Həlilə Məmmədova tərəfindən təşkil edilib.
Azərbaycanca