Azərbaycan Turizm ve Menecment Universitetində (ATMU) 2025/2026-cı tədris ilinin payız semestrinin qış imtahan sessiyası davam edir. Bakalavriatura səviyyəsində 13 ixtisas, eləcə də magistratura səviyyəsində 13 ixtisaslaşma üzrə tələbələrimiz imtahanlarda iştirak edirlər. İmtahanların bir hissəsi elektron imtahan otaqlarında, bir hissəsi isə digər imtahan auditoriyalarında saat 09:00-dan 17:30-dək davam edir. Müxtəlif səbəblərdən imtahanda iştirak etməyən təhsilalanlara həmin fənlərdən imtahan vermək üçün 2026-cı il fevral ayının ilk həftəsi şərait yaradılacaq.
İmtahanlarda nəzarəti, tələbələrin biliyinin qiymətləndiriməsində şəffaflığı və obyektivliyi təmin etmək məqsədilə universitet əməkdaşları fəaliyyət göstərirlər. Neqativ hallara imkan verməmək, o cümlədən daxil olan hər bir şikayətin, imtahanların təşkilində və gedişində baş verən nöqsanların operativ aradan qaldırılması üçün İmtahan Qərargahı fəaliyyət göstərir. ATMU-da imtahan qiymətləndirilməsindən narazı qalan tələbələr üçün Apellyasiya Komissiyası yaradılıb və “Qaynar xətt”in gün ərzində açıq olması təmin edilib.
29 dekabr tarixində başlayan cari imtahan sessiyası başladığı tarixdən etibarən 5 həftə müddətində davam edəcək.
Qış imtahan sessiyası sonunda universitet üzrə keyfiyyət və müvəffəqiyyət göstəricilərinin yüksək olmasını ümid edir, imtahanlarda bütün tələbələrimizə uğurlar arzulayırıq!
Azərbaycanca