ATMU Milli Qida Texnologiyaları Platformasının V toplantısında
13.01.2026
Mehmanxana və restoran biznesi kafedrası
Bölmə: Xəbərlər
Baxış sayı: 282
ATMU Milli Qida Texnologiyaları Platformasının V toplantısında

Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) nümayəndələri Türkiyə-Azərbaycan Universitetində (TAU) təşkil olunan Milli Qida Texnologiyaları Platformasının V toplantısında iştirak ediblər. Görüş qida mühəndisliyi üzrə bakalavriat səviyyəsində təhsil proqramları və tədris planlarının yenilənməsi istiqamətində görüləcək işlərə həsr olunub.

Toplantıda ATMU-nun “Mehmanxana və restoran biznesi” kafedrasının müdiri Novruz Quliyev, dos. Çingiz Əliyev və baş müəllim Həlilə Məmmədova iştirak ediblər. Tədbirdə həmçinin TAU-nun rektor vəzifəsini icra edən Vilayət Vəliyev, Təhsil Nazirliyinin Elm, ali və peşə təhsili şöbəsinin əməkdaşı Osman Hacıyev, Hacettepe Universitetinin professoru Vural Gökmən, TAU-nun Qida mühəndisliyi proqramının rəhbəri prof. Dr. Ümran Uyqun, eləcə də müxtəlif Azərbaycan universitetlərinin - Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Dövlət Universiteti, Bakı Mühəndislik Universiteti və ADA-İtaliya Azərbaycan Universitetinin professor-müəllim heyəti təmsil olunub.

Müzakirələr zamanı qida mühəndisliyi ixtisası üzrə mövcud təhsil proqramları və tədris planları təhlil edilib, beynəlxalq təcrübə və əmək bazarının tələblərinə uyğun müasir proqramın hazırlanması ilə bağlı fikir mübadiləsi aparılıb.

ATMU nümayəndəsi Novruz Quliyev çıxışında tədris planına daxil edilən fənlərin praktiki əhəmiyyəti və sənaye üçün kadr hazırlığına uyğunluğu barədə fikirlərini bölüşüb, seçmə fənlərin tədrisdəki yeri və vacibliyini vurğulayıb. Digər ali təhsil müəssisələrinin nümayəndələri də yeni təhsil proqramlarının beynəlxalq standartlara uyğunlaşdırılması ilə bağlı təkliflərini səsləndiriblər.