7-ci Beynəlxalq Səyahət və Turizm Dinamikası Konqresi keçiriləcək
21.01.2026
Marketinq və ictimaiyyətlə əlaqələr şöbəsi
Bölmə: Xəbərlər
Baxış sayı: 423
7-ci Beynəlxalq Səyahət və Turizm Dinamikası Konqresi keçiriləcək

7-ci Beynəlxalq Səyahət və Turizm Dinamikası Konqresi keçiriləcək

Turizm sahəsində beynəlxalq elmi əməkdaşlığın gücləndirilməsi məqsədilə 7-ci Beynəlxalq Səyahət və Turizm Dinamikası Konqresi təşkil olunacaq. Konqres 15-17 aprel 2026-cı il tarixlərində Türkiyənin Ankara şəhərində keçiriləcək.

Tədbir Türkiyə Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Ankara Hacı Bayram Veli Universitetinin ev sahibliyi ilə, TİKA, Yunus Emre İnstitutu və Xaricdə Yaşayan Türklər və Qohum İcmalar İdarəsinin (Yurtdışı Türkler ve Akraba Topluluklar Başkanlığı) dəstəyi ilə baş tutacaq.

Bu il konqresin əsas mövzusu “Türk Dövlətlərində Turizmin Gələcəyinin Yenidən Dizaynı: Yerli Köklərdən Qlobal Dayanıqlığa, Sağlamlıq və Ağıllı Transformasiya” olaraq müəyyən edilib. Tədbir çərçivəsində turizmin dayanıqlı inkişafı, rəqəmsal transformasiya, sağlamlıq və rifah turizmi, eləcə də mədəni irsin qorunması kimi aktual mövzular müzakirə olunacaq.

Konqres proqramına Türk Dövlətləri Təşkilatına üzv ölkələrin turizm nazirlərinin iştirakı ilə keçiriləcək Nazirlər sessiyası, həmçinin tanınmış alimlərin və sahə üzrə mütəxəssislərin çıxış edəcəyi plenar iclaslar və elmi sessiyalar daxildir.

Tədbirdə iştirak etmək və elmi məruzə ilə çıxış etmək istəyən tədqiqatçılar üçün məqalə və tezislərin son göndərilmə tarixi 2 mart 2026-cı il olaraq müəyyən edilib. Qəbul edilən elmi işlər konqres materiallarında dərc olunacaq.

Beynəlxalq miqyasda təşkil edilən bu konqresin turizm sahəsində yeni əməkdaşlıqların qurulmasına, elmi bilik mübadiləsinin genişləndirilməsinə və Türk dövlətləri arasında turizm strategiyalarının inkişafına mühüm töhfə verəcəyi gözlənilir.

Konqresdə iştirak üçün aşağıdakı link vasitəsilə qeydiyyatdan keçmək mümkündür:  https://hacibayram.edu.tr/ittd26/bildiri-gonderimi?lang=tr-TR