ATMU-da RUR 2026 üzrə Strateji Seminar keçirilib
05.02.2026
Beynəlxalq Əlaqələr Şöbəsi
Bölmə: Xəbərlər
Baxış sayı: 287
ATMU-da RUR 2026 üzrə Strateji Seminar keçirilib

Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) Round University Ranking (RUR) 2026 Dünya Universitetləri Reytinqi çərçivəsində Strateji Seminar keçirilib.

Seminar ATMU-nun institusional məlumatlarının RUR 2026 reytinqi üçün uğurla təqdim edilməsindən sonra təşkil olunub və universitetin potensial mövqelənməsi, performans göstəriciləri və institusional inkişaf istiqamətlərinin analitik qiymətləndirilməsinə həsr edilib.

Tədbirdə RUR tərəfindən Oleg Solovev – RUR-un redaktoru və Məlumat Analitikası Komandasının rəhbəri iştirak edib. ATMU-nu isə Beynəlxalq əlaqələr şöbəsinin müdiri vəzifəsinin icraçısı, eyni zamanda Reytinqlər üzrə işçi komandanın koordinatoru İranə Axundova, eləcə də universitetin Strateji inkişaf və keyfiyyət təminatı şöbəsinin, Beynəlxalq əlaqələr şöbəsinin və müvafiq fakültələrin nümayəndələri təmsil ediblər.

Seminar çərçivəsində RUR Dünya Universitetləri Reytinqinin metodologiyası və əsas performans indikatorları ətraflı şəkildə təqdim olunub, ATMU tərəfindən göndərilmiş institusional məlumatlar əsasında universitetin potensial reytinq mövqeləri, struktur üstünlükləri və inkişaf imkanları müzakirə edilib.

Eyni zamanda ali təhsil müəssisələrinin strateji idarəetməsi üçün nəzərdə tutulmuş RUR Compare analitik platforması təqdim olunub. Platformanın dünya üzrə 25-ə qədər universitetlə müqayisəli təhlil aparmaq, performans modelləşdirməsi və ssenari simulyasiyası həyata keçirmək, eləcə də uzunmüddətli strateji planlaşdırmanı dəstəkləmək imkanları diqqətə çatdırılıb.

Qeyd edilib ki, bu tip strateji seminarlar RUR 2026 əməkdaşlıq dövrü çərçivəsində yalnız institusional məlumat təqdimatını artıq tamamlamış məhdud sayda universitet üçün təşkil olunur və iştirakçı ali təhsil müəssisələrinə reytinq nəticələri açıqlanmadan öncə erkən analitik baxış əldə etmək imkanı yaradır.

Seminar ATMU-da beynəlxalq reytinqlərlə iş, keyfiyyət təminatı və strateji inkişaf istiqamətlərində institusional yanaşmanın gücləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.