ATMU əməkdaşları Haccettepe Universitetində
12.02.2026
Mehmanxana və restoran biznesi kafedrası
Bölmə: Xəbərlər
Baxış sayı: 319
ATMU əməkdaşları Haccettepe Universitetində

Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) “Mehmanxana və restoran işi” kafedrasının əməkdaşları - dosent Çingiz Əliyev və baş müəllim Həlilə Məmmədova ARETN-in təşəbbüsü və Türkiyə-Azərbaycan Universitetinin koordinasiyası ilə Türkiyənin Ankara şəhərində yerləşən Haccettepe Universitetində təcrübə mübadiləsi və tanışlıq səfərində olublar.

Təcrübə mübadiləsində, həmçinin Azərbaycanda Qida mühəndisliyi ixtisası üzrə kadr hazırlığı həyata keçirən digər ali təhsil müəssisələrinin - Bakı Dövlət Universiteti (BDU), Azərbaycan Texniki Universiteti (AzTU), Bakı Mühəndislik Universiteti (BMU) və Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) nümayəndələri də iştirak ediblər.

Səfər proqramına uyğun olaraq ilk olaraq Azərbaycandan gələn akademik heyətin və Haccettepe Universitetinin akademik personalının (Dr.Vural Gökmen, Dr. Yeşim Özbaş, Dr.Ümran Uygun, Dr.Remziye Yılmaz, Dr.Örg.üyesi Burçe Ataç, Ezgi Doğan və başqaları) qarşılıqlı tanıtımı həyata keçirilib. Haccettepe Universitetinin professoru, dr. Ali Topcu universitetin fəaliyyəti haqqında ətraflı təqdimatla çıxış edib.

Daha sonra Qida mühəndisliyi bölümü ilə yaxından tanışlıq baş tutub, tədris laboratoriyaları və mövcud avadanlıqlar barədə fikir mübadiləsi aparılıb, Qida mühəndisliyi bölməsində aparılan elmi-tədqiqat işləri haqqında geniş məlumat verilib, araşdırma laboratoriyalarında həyata keçirilən real tədqiqat prosesləri nümayiş etdirilib. Universitetin professorları və gənc tədqiqatçıları tərəfindən aparılan elmi işlər barədə təqdimatlar dinlənilib, maraq doğuran mövzularla bağlı suallar ünvanlanıb.

Səfər çərçivəsində Haccettepe Universiteti professorları tərəfindən hazırlanmış dərs vəsaitləri ilə tanış olmaq məqsədilə universitetin kitabxanasından bir sıra tədris materialları əldə edilib.

Təcrübə mübadiləsi proqramı çərçivəsində səfərin sonunda iştirakçılar Ankara şəhərində yerləşən Anıtkabiri-Mustafa Kamal Atatürkün məqbərəsini və İstiqlal Müharibəsi Muzeyini ziyarət ediblər. Ziyarət zamanı xatirə şəkilləri çəkdirilib.