Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) Beynəlxalq Ana Dili Gününə həsr olunmuş tədbir keçirilib. Məqsəd ana dilimizin zənginliyinin təbliği, tələbələrdə dilə sevgi və hörmət hissinin gücləndirilməsi olub.
Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Açılış nitqi ilə çıxış edən universitetin rektoru İlham Mədətov ana dilinin milli-mənəvi dəyərlərimizin qorunmasında və gələcək nəsillərə ötürülməsində mühüm rolundan danışıb, tələbələri dilimizin saflığını qorumağa çağırıb.
Proqram çərçivəsində tələbələr tərəfindən görkəmli ədiblərin ana dilinə həsr olunmuş şeirləri səsləndirilib. Belə ki, Bəxtiyar Vahabzadənin “Ana dili”, Xəlil Rza Ulutürkün “Ana dili”, Məhəmmədhüseyn Şəhriyarın “Türkün dili”, eləcə də Sabir Rüstəmxanlının “Sağ ol, Ana dilim” və Tofiq Bayramın “Ana dili” şeirləri tələbələrin ifasında təqdim olunub. Bundan əlavə, Şirinxanım Kərimbəylinin “Ana dili” şeiri də səsləndirilib.
Tədbirdə Dillər kafedrasının müəllimi, f.ü.e.d., dosent Ağaverdi Xəlilov “Ədəbi dil və akademik yazının problemləri” mövzusunda məruzə ilə çıxış edərək ədəbi dil normalarının qorunmasının vacibliyini vurğulayıb. Kafedranın baş müəllimi Almaz Zöhrabova çıxışında ana dilinin milli kimliyin fornalaşmasında mühüm rol oynadığını vurğulayaraq gəncləri əbədi dil normalarına həssas yanaşmağa və zəngin dil irsimizi qorumağa çağırıb. Kafedranın baş müəllimi, f.ü.f.d. Mehriban Allahquluyeva isə “Ana dili, sosial şəbəkələr və nitq mədəniyyəti” mövzusunda çıxış edərək rəqəmsal mühitdə dil mədəniyyətinin aktuallığından bəhs edib.
Tədbirin sonunda rektor yekun nitqi ilə çıxış edib, iştirakçılara təşəkkürünü bildirib. Proqram “Şirin dil” mahnısının səsləndirilməsi ilə başa çatıb.
Azərbaycanca