Türkiyənin Bayburt Universitetində Azərbaycan ilə Türkiyə arasında əməkdaşlığın mövcud vəziyyəti və perspektivləri ilə bağlı panel müzakirələri təşkil edilib.
Tədbirin açılışında Azərbaycanın Qarsdakı baş konsulu Zamin Əliyev və universitetin rektoru Mutlu Türkmen çıxış edərək iki qardaş ölkə arasında əməkdaşlığın vacibliyini vurğulayıblar.
Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) Strateji inkişaf üzrə prorektoru Araz Aslanlı panel müzakirələrində əsas məruzəçi kimi iştirak edib. O, “Azərbaycan-Türkiyə strateji tərəfdaşlığı: uğurlar, imkanlar və risklər” mövzusunda təqdimatla çıxış edib.
Panellər universitetin dosentləri Ramin Sadik və İsmayıl Dursunoğlunun moderatorluğu ilə təşkil olunub.
İlk paneldə Milli Məclisin deputatı Naqif Həmzəyevin də təqdimatı olub. İkinci paneldə isə Kahramanmaraş Sütçü İmam Universitetinin professoru Toğrul İsmayıl və Xəzər Universitetinin dosenti, Tarix və arxeologiya departamentinin rəhbəri Telman Nüsrətoğlu məruzələrlə çıxış edərək fikirlərini bölüşüblər.
Tədbir iştirakçıları Azərbaycan-Türkiyə münasibətlərinin müxtəlif aspektlərinə toxunaraq dövlət başçıları İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın Ankara ilə Bakı arasında strateji müttəfiqliyin möhkəmləndirilməsində oynadıqları rolu xüsusi qeyd ediblər.
Azərbaycanca