Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) “Turizm işi” kafedrasının təşəbbüsü ilə “Turizm” dərnəyi çərçivəsində növbəti görüş keçirilib.
Tədbir “Qarabağ və Şərqi Zəngəzurda “ağıllı” kənd və “ağıllı” şəhər layihələrinin həyata keçirilməsi və həmin ərazilərə turizm səfərlərinin təşkili” mövzusuna həsr olunub.
Görüşü giriş sözü ilə “Turizm işi” kafedrasının müdiri, dosent Hafiz Hüseynov açaraq mövzunun aktuallığını diqqətə çatdırıb. O bildirib ki, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri, müasir infrastrukturun yaradılması və innovativ idarəetmə modellərinin tətbiqi regionun sosial-iqtisadi dirçəlişində mühüm rol oynayır. H.Hüseynov vurğulayıb ki, “ağıllı” kənd və “ağıllı” şəhər konsepsiyaları yalnız yaşayış mühitinin yaxşılaşdırılması deyil, həm də dayanıqlı turizm modelinin formalaşdırılması baxımından strateji əhəmiyyət daşıyır.
O, həmçinin Bakıda keçiriləcək WUF 13 - Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası barədə məlumat verərək qeyd edib ki, bu mötəbər beynəlxalq tədbir şəhərsalma, urbanizasiya, dayanıqlı inkişaf və innovativ həllərin müzakirəsi üçün mühüm platformadır. Bildirilib ki, forum çərçivəsində “ağıllı şəhər” yanaşmaları, yaşıl iqtisadiyyat və inklüziv inkişaf məsələləri xüsusi diqqət mərkəzində olacaq və bu istiqamətlər Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən layihələrlə bilavasitə səsləşir.
Daha sonra məruzə ilə kafedranın müəllimi, i.ü.f.d. Nərgiz Həsənli çıxış edib. O, təqdimatında “ağıllı” kənd və “ağıllı” şəhər konsepsiyalarının nəzəri əsaslarını izah edib. Məruzədə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında icra olunan “ağıllı” kənd və “ağıllı” şəhər konsepsiyalarının mahiyyəti, bu layihələrin dayanıqlı inkişaf prinsiplərinə uyğunluğu və regionun turizm potensialına verə biləcəyi töhfələr geniş şəkildə təhlil olunub. Eyni zamanda, həmin ərazilərə turizm səfərlərinin təşkili, infrastruktur imkanları və perspektiv marşrutlar barədə fikirlər səsləndirilib.
Tədbirdə kafedranın əməkdaşları və TEC üzvləri iştirak edib, mövzu ətrafında geniş müzakirələr aparılıb.
Azərbaycanca