Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) baş müəllim, uzunillik turizm mütəxəssisi və pedaqoq Əlixan Mürvətovun 70 illik yubileyi münasibətilə tədbir keçirilib.
Tədbirdə universitetin rəhbərliyi və professor-müəllim heyəti iştirak edib. Yubiley tədbirində ATMU-nun rektoru İlham Mədətov çıxış edərək Əlixan Mürvətovu səmimi qəlbdən təbrik edib, ona möhkəm cansağlığı, uzun ömür və gələcək fəaliyyətində uğurlar arzulayıb. Çıxış edənlər Əlixan Mürvətovun Azərbaycan turizm sektorunun inkişafında, peşəkar kadrların hazırlanmasında və ali təhsildə ixtisas fənlərinin tədrisində göstərdiyi xidmətlərdən bəhs ediblər.
Bildirilib ki, Əlixan Mürvətov 1956-cı il fevralın 27-də Bakı şəhərində anadan olub. O, 1973-1978-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) tarix fakültəsində ali təhsil alıb. Əmək fəaliyyətinə Azərbaycan Ensiklopediyasında başlayaraq, tarix şöbəsində kiçik redaktor və elmi redaktor vəzifələrində çalışıb.
1984-cü ildən etibarən turizm sektorunda fəaliyyət göstərən Əlixan Mürvətov müxtəlif illərdə Qobustan Ekskursiya Bürosunun direktoru, Həmkarlar İttifaqları Konfederasiyasının Turizm və Ekskursiyalar Şurasında baş təlimatçı, “Bakı Tur” Agentliyinin direktor müavini, Azərbaycan Turizm və Ekskursiyalar Şurasında baş mütəxəssis və “Bakı Turizm Ekskursiya” MMC-nin direktoru vəzifələrində işləyib.
O, həmçinin Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının “Peşəkar turizmçilər” komitəsinin və Azərbaycan Turizm Bələdçiləri Assosiasiyasının imtahan komissiyasının üzvüdür.
2008-ci ildən etibarən turizm təhsilinin inkişafına da töhfə verən Əlixan Mürvətov ixtisas fənlərinin tədrisində, fənn proqramlarının və mühazirə materiallarının hazırlanmasında fəal iştirak edib. 2012-ci ildən ATMU-da müəllim, 2017-ci ildən isə baş müəllim vəzifəsində bakalavr və magistr pillələrində dərs deyir.
Sonda yubilyara xatirə hədiyyəsi təqdim olunub və xatirə şəkli çəkilib.
Dəyərli müəllimimizi yubileyi münasibəti ilə bir daha təbrik edir, ona cansağlığı, gələcək fəaliyyətində uğurlar diləyirik.
Azərbaycanca