ATMU-da fənn proqramları ilə bağlı maarifləndirici tədbir keçirilib
27.02.2026
İnsan resursları şöbəsi
Bölmə: Xəbərlər
Baxış sayı: 210
ATMU-da fənn proqramları ilə bağlı maarifləndirici tədbir keçirilib

Bu gün Azərbaycan Turizm və Menecment Universitetdə (ATMU) fənn proqramları və sillabusların hazırlanması qaydalarına həsr olunmuş tədbir keçirilib. Tədbir ATMU-nun Humanitar və sosial elmlər kafedrasının professou, fəlsəfə üzrə elmlər doktoru Dilqəm İsmayılov tərəfindən təşkil olunub və iştirakçılara mövzu ilə bağlı ətraflı məlumat verilib.

Çıxış zamanı “Fənn proqramları və fənlər üzrə işçi tədris proqramlarının (sillabusun) tərtibi haqqında Qaydalar” sənədinin əsas müddəaları diqqətə çatdırılıb. Bildirilib ki, fənn proqramları ali təhsil pilləsinin dövlət standartlarına uyğun hazırlanmalı, müvafiq qaydada müzakirə və təsdiq olunmalıdır. Eyni zamanda vurğulanıb ki, işçi tədris proqramı (sillabus) fənn proqramı əsasında tərtib edilir və kafedra səviyyəsində təsdiq olunur.

Tədbirdə fənn proqramının strukturu, məzmun tələbləri, daxili və xarici rəy mexanizmi, eləcə də sillabusun hazırlanma qaydaları geniş izah edilib. Qeyd olunub ki, sillabusda fənnin təsviri, məqsəd və vəzifələri, qiymətləndirmə meyarları, istifadə olunan ədəbiyyat və digər zəruri məlumatlar əksini tapmalıdır.

Sonda iştirakçıların sualları cavablandırılıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb və metodiki sənədlərin düzgün hazırlanmasının tədris prosesinin keyfiyyətinə mühüm töhfə verdiyi vurğulanıb.