ATMU-da Azərbaycan-Avstriya Turizm Proqramı məzunları ilə görüş keçirilib
27.02.2026
Karyera və məzunlarla iş şöbəsi
Bölmə: Xəbərlər
Baxış sayı: 219
ATMU-da Azərbaycan-Avstriya Turizm Proqramı məzunları ilə görüş keçirilib

ATMU-da Karyera və məzunlarla iş şöbəsinin təşkilatçılığı ilə Azərbaycan-Avstriya Turizm Proqramı (AATP Krems) məzunları ilə tələbələrin görüşü təşkil olunub. Görüş iştirakçılar üçün dəyərli təcrübə mübadiləsi və açıq dialoq imkanı yaradıb.

Tədbirdə 2021-ci il məzunu Mustafa Mustafayev, 2022-ci il məzunları Elmira Hüseynli və Nərmin Yusifli öz təhsil və karyera təcrübələrini bölüşüblər. Məzunlar AATP proqramının üstünlükləri, beynəlxalq təhsil mühiti, şəbəkələşmə (networking) imkanları və karyera perspektivləri barədə ətraflı məlumat veriblər.

Qeyd olunub ki, Krems proqramı yalnız akademik bilik deyil, eyni zamanda özgüvən, adaptasiya bacarığı, beynəlxalq düşüncə tərzi və peşəkar şəbəkə qazandıran bir platformadır. Onların sözlərinə görə, proqram universitet daxilində ayrıca bir birlik və güclü məzun şəbəkəsi formalaşdırır. İştirakçılar vurğulayıblar ki, dil bilikləri və akademik nəticələr önəmli faktor olsa da, ən vacib amillər motivasiya, məsuliyyət və dəyişikliklərə açıq olmaqdır. Xarici universitet mühitinin interaktiv dərs modeli, praktik yönümlü yanaşması və multikultural atmosferi tələbələrin həm peşəkar, həm də şəxsi inkişafına mühüm təsir göstərir.

Məzunların hazırkı peşə fəaliyyəti proqramın karyeraya real təsirini bir daha nümayiş etdirir. Elmira Hüseynli hazırda “The Ritz-Carlton” Baku hotelində satış meneceri, Mustafa Mustafayev isə “JW Marriott Absheron” Baku hotelində satış meneceri vəzifəsində çalışır. Nərmin Yusifli isə yerli və beynəlxalq tədbirlərin təşkilatçısı kimi fəaliyyət göstərir.

Tədbirdə həmçinin ATMU-nun Karyera və məzunlarla iş şöbəsinin müdiri, AATP proqramının 2015-ci il magistr məzunu İlahə Əliyeva və AATP proqram koordinatoru Aytac Babayeva da iştirak ediblər. Onlar proqramın inkişaf perspektivləri və tələbələr üçün yaratdığı imkanlar barədə fikirlərini bölüşüblər.

Tədbir tələbələrin sualları və açıq müzakirə ilə davam edib. Görüş bir daha göstərib ki,Azərbaycan-Avstriya Turizm Proqramı (AATP Krems) tələbələr üçün yalnız ikili diplom deyil, həm də qlobal perspektivlərə açılan mühüm imkan fürsətidir.